AVROPA BİRLİYİ TÜRKİYƏ QARŞISINDA YENƏ DƏ ŞƏRTLƏR QOYMUŞDUR
Avropa Birliyinə üzv ölkələrin dövlət və hökumət başçılarının Danimarkanın paytaxtı Kopenhagendə keçirilən zirvə görüşünün gündəliyinə çıxarılan məsələlər içərisində ən çox mübahisə doğuranı Türkiyənin Avropa Birliyinə üzv qəbulu ilə əlaqədar məsləhətləşmələrin tarixinin müəyyən edilməsi olmuşdur. Türkiyə Avropa Birliyinin onun qarşısında qoyduğu vacib siyasi şərtləri yerinə yetirdiyini və buna görə tam hüquqlu üzv qəbul olunması üçün müzakirələrə 2003-cü ildə başlanmasına, Fransa və Almaniya isə bu məsələyə yalnız 2005-ci ilin sonunda baxılmasını təkid etmişlər.
Gərgin müzakirələrdən sonra Avropa Birliyi Türkiyənin üzvlük məsələsi ilə bağlı müzakirələrə 2004-cü ilin dekabrında başlamağı qərarlaşdırmışdır. Ancaq tarix də müəyyən şərtlərlə qoyulmuşdur. Avropa Birliyinin daimi komissiyaları Türkiyədə demokratikləşmə proseslərini yaxından müşahidə edərək, 2004-cü ilin dekabrınadək müvafiq məruzə hazırlayacaq, bu ölkənin AB-yə üzv qəbul olunmasının mümkünlüyü barədə rəy verəcəkdir. Yalnız bundan sonra üzvlük məsələsinin müzakirəsinə başlanacaqdır.
Avropa Birliyinin ekspertləri Türkiyənin bu təşkilata ən tezi 2010-cu ildə üzv ola biləcəyini ehtimal edirlər.
Kopenhagen zirvə görüşünün bu qərarı soyuq qış günlərində Türkiyədə siyasi ab-havanı qızışdırmışdır. Ölkənin müxalif partiyaları və bəzi siyasi şərhçilər bunu Türkiyənin uğursuzluğu kimi qiymətləndirirlər. Rəsmi Ankara isə belə bir qərarı əvvəlcədən gözlədiyini və ölkədə demokratikləşdirmə proseslərinin bundan sonra da davam etdiriləcəyini bəyan edir.
Tural Pzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara