Avropa çempionatında ilk dəfə finala yüksələn parataekvondoçu: Qızıl medala cəmi 1,18 saniyə qalmışdı
Bakı, 15 may, AZƏRTAC
Avropa çempionatında yalnız qızıl medal uğrunda mübarizə aparırdım.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Almaniyanın Münxen şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanan Azərbaycan parataekvondoçusu Sabir Zeynalov deyib.
K44 kateqoriyasında 58 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı karyerasında ilk dəfə Avropa çempionatının finalına yüksəldiyini bildirib: “Bu yarışa hazırlaşarkən qarşıma yalnız qızıl medal hədəfi qoymuşdum. Finalda rəqibim israilli paralimpiya çempionu Asaf Yasur idi. Görüş çox gərgin keçdi. İlk raundda rəqib qalib gəldi, ikinci raundda isə mən üstün oldum. Döyüşün taleyi üçüncü raundda həll edildi. Hesab bərabər olduğu anda qarşılaşmanın bitməsinə cəmi 1,18 saniyə qalmış gözlənilməz xal qeydə alındı və nəticədə gümüş medalla kifayətlənməli oldum. Əldə etdiyim uğura sevinirəm, amma eyni zamanda müəyyən məyusluq da var. Çünki qızıl medala çox yaxın idim”.
Parataekvondoçu qarşıdakı yarışlarda əsas məqsədinin çempionluq olduğunu vurğulayıb: “Bundan sonra da yalnız qızıl medal haqqında düşünəcəyəm. Qarşıdakı turnirlərdə daha yaxşı nəticələr əldə etmək üçün əlimdən gələni edəcəyəm”.
S. Zeynalov komanda yoldaşı İmaməddin Xəlilovun çıxışını da dəyərləndirib: “İmaməddin çox yaxşı mübarizə apardı. Yarımfinal görüşündə zədələnmişdi. Finaldan əvvəl isə Avropa Taekvondo Birliyinin 50 illik yubileyi münasibətilə təşkil olunan tədbirdə xüsusi mükafata layiq görüldü. Düşünürəm ki, bu da müəyyən qədər onun final görüşünə təsir etdi. Tam hazır olduğu anda təqdimetmə mərasiminə qatılmalı oldu və nəticədə diqqətini tam şəkildə döyüşə yönəldə bilmədi”.
O, əsas hədəflərinin Paralimpiya Oyunlarında uğur qazanmaq olduğunu bildirib: “Hər ikimiz əsas diqqəti Paralimpiya Oyunlarına yönəltmişik. İmaməddin növbəti çempionluğunu qazanmağa çalışacaq, mən isə əvvəlki bürünc medalımı qızılla əvəzləmək üçün mübarizə aparacağam”.