AVROPA DÜNYANIN YEDDİ MÖCÜZƏSİNDƏN BİRİNİN BƏRPASINDA MİSİRƏ KÖMƏK EDƏCƏKDİR
Almaniya, İtaliya, Yunanıstan və Fransa bu mayakı “Medistone” adlı genişmiqyaslı Avropa layihəsinə daxil etmək niyyətindədir. Bu layihə Misir, Əlcəzair və Mərakeşdə Ptolemeylər epoxasının memarlıq abidələrinin qorunub saxlanılmasına və bərpa edilməsinə yönəldilmişdir.
Mayak eramızdan əvvəl III əsrdə Faros adasının şərq hissəsində, İsgəndəriyyə limanının girişində tikilmiş və qədim dəniz səyyahlarına beynəlxalq ticarət limanı və Şərqin mədəniyyət paytaxtı olan İsgəndəriyyəyə gedən yolu göstərirdi.
Faros mayakı müasirlərini danılmaz əməli dəyəri ilə yanaşı, zərif arxitekturası və əzəməti ilə də heyran qoyurdu. Alimlərin ehtimalına görə, mayak üçsəviyyəli olmuşdur: özül kub şəklində, orta hissə səkkizguşəli, yuxarı hissə isə konus formasında idi. Hündürlüyü 117 metr idi və dünyada ən uca qurğu sayılırdı. Mayakın yuxarı hissəsindəki güzgü gündüzlər Günəş şüalarını, gecələr isə alov işığını əks etdirirdi. Alovun işığını 50 kilometrdən görmək mümkün idi.
Eramızın təqribən 700-cü ilində mayakın yuxarı hissəsi uçmuş, XIV əsrin əvvəllərində isə tamamilə dağılmışdır. Güman edildiyinə görə, buna Şərqi Aralıq dənizində baş vermiş güclü zəlzələ səbəb olmuşdur. Lakin Faros mayakı yaddaşlarda nəinki cahanın yeddi möcüzəsindən biri kimi qalmışdır, həm də dünyaya bütün bu cür qurğuların adını ifadə edən söz vermişdir.
İsgəndəriyyə kitabxanası tədqiqat mərkəzinin əməkdaşları çoxsaylı tarixi sənədləri öyrənərək, Faros mayakını rəqəm formatında bərpa etmişlər və indi onun dağılmasının səbəbini daha dəqiq müəyyənləşdirməyə çalışırlar.