DÜNYA
Avropa İttifaqı Çini Ukraynada vəziyyəti nizamlamağa kömək etməyə çağırıb
Bakı, 1 aprel, AZƏRTAC
Avropa İttifaqının rəhbərliyi Çini Ukraynada vəziyyətin nizamlamasına kömək etməyə çağırıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin fikrincə, Çin Ukraynada münaqişənin dayandırılmasında mühüm rol oynaya bilər.
Şarl Mişel Aİ-Çin video sammitindən sonra Brüsseldə keçirilən mətbuat konfransında bildirib ki, Avropa İttifaqı ÇXR-i Ukraynada münaqişəyə son qoyulmasına yardım göstərməyə çağırıb. Onun sözlərinə görə, Ukraynada vəziyyəti nizamlamaq üçün “Çin tərəfindən görülən pozitiv tədbirlər avropalılar və dünya ictimaiyyəti tərəfindən alqışlanacaq”. O hesab edir ki, RF-ə qarşı sanksiyalardan yan keçmək, yaxud Rusiyaya kömək etmək münaqişəni yalnız uzadacaq.
“Bu, daha çox insanın həlak olmasına gətirib çıxaracaq və daha ağır iqtisadi nəticələr doğuracaq. Uzun müddətli perspektivdə heç kimin maraqlarına xidmət etməyəcək”, - deyə Avropa İttifaqı Şurasının sədri vurğulayıb.
Şarl Mişelin sözlərinə görə, Avropa İttifaqı və Çin bu fikirlə razıdırlar ki, Ukraynada hərbi fəaliyyət beynəlxalq təhlükəsizliyi və dünya iqtisadiyyatını təhdid edir.