Avropa Komissiyası məmurların davranış kodeksini sərtləşdirmişdir
Bakı, 11 may (AZƏRTAC). Aİ strukturlarında ali vəzifəli məmurların davranış kodeksi sərtləşdirilmişdir.
İndi Avropa komissarlarının həyat yoldaşlarının Aİ icra aparatında vəzifə tutması qadağan edilmişdir.
Komissarlar özləri kollegiyada xidmətini başa vurduqdan sonra il yarım müddətində işə düzəlmək üçün Brüsseldən icazə istəməlidir. İndiyə qədər bu cür “karantin” müddəti bir il idi. Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Piya Arenkilde-Hansen demişdir ki, Avropa Komissiyasının yenidən nəzərdən keçirilmiş davranış kodeksi “dövlət vəzifəsi tutan şəxslərə tətbiq edilən ən ciddi kodekslərdən biridir”.
Etika kodeksinə yenidən baxılmasına 2009-cu ildə baş vermiş silsilə qalmaqallar səbəb olmuşdur. O vaxt Aİ-nin ali icraiyyə kollegiyasının əvvəlki heyətinin altı üzvünün müxtəlif lobbi firmalarında, banklarda və aviasiya şirkətlərində yüksək məvacibli vəzifələr tutması üzə çıxmışdı. Məsələn, İrlandiyanın keçmiş komissarı, Aİ-nin maliyyə xidmətləri sahəsinə nəzarət işlərinə görə cavabdeh olan Çarli Makkrivi Böyük Britaniyanın yeni banklarından birinin idarə heyətinə daxil olmağa hazırlaşırdı, lakin o, Avropa Komissiyasının Etika Komitəsinin təkidi ilə dərhal vəzifəsini tərk etməyə məcbur olmuşdur.
Yeni kodeksə uyğun olaraq, sabiq komissarların səlahiyyət müddətləri başa çatandan sonra 18 ay müddətində onların “vəzifədə olduqları dövrdə cavabdeh olduğu məsələlər üzrə özlərinin, öz müştərilərinin və ya işəgötürənlərin biznes mənafeləri ilə əlaqədar, fəaliyyətdə olan komissarlar və ya onların əməkdaşları qarşısında lobbiçilik etmək və ya bu mənafeləri müdafiə etmək hüququ yoxdur”.
İndi komissarların həyat yoldaşları, onlarla birgə yaşayan şəxslər və komissarların qohumları da onlarla eyni idarədə işləmək hüququndan məhrum edilmişlər. Bu cür işlərin araşdırılmasında etika komitəsinin səlahiyyətləri xeyli genişləndirilmişdir.
Komissarların səfər xərclərinin, onların villalarda və ya yaxtalarda istirahət etməsi haqqının ödənilməsi şəklində hədiyyələr qəbul etməsi də xeyli məhdudlaşdırılacaqdır. Bununla əlaqədar, yeni kodeksdə yazılmışdır: “Komissarlar, diplomatik nəzakət qaydalarına və ənənələrə müvafiq hallar müstəsna olmaqla, heç kəsin qonaqpərvərliyini qəbul etməməlidirlər”.
Mənafelərin münaqişəsi yarana biləcək hallarda fəaliyyətdə olan Avropa komissarı bu münaqişənin aid olduğu işləri öz həmkarlarından birinə təhvil verməyə borcludur.
Bundan sonra etika komitəsinin çıxardığı nəticələr və onların dəlilləri dərc ediləcəkdir.