AVROPA ŞƏRQƏ DOĞRU GENİŞLƏNMƏSİNİ BAYRAM EDİR
qeyd etməyə başlamışdır. AZƏRTAC-ın müxbiri xəbər verir ki, mayın 1-də axşam İrlandiyanın paytaxtı Dublində keçirilən rəsmi mərasimdə Avropa Birliyinin 15 ölkəsinin və üzvlüyə yeni qəbul olunacaq 10 ölkənin dövlət və hökumət başçıları birlikdə ziyafət masaları arxasında əyləşəcəklər.
Bütöv Avropada təntənəli şənliklər isə aprelin 30-da başlanmışdır. Avropanın şimalından cənubuna, şərqindən qərbinədək keçmiş "dəmir pərdə" arxasında olan ölkələr öz ərazilərində şənliklər keçirmiş, dövlətlərarası sədləri, sərhəd qurğularını və keçid məntəqə maneələrini aradan götürmüşlər.
Aprelin 30-da Berlində və Almaniyanın sərhəd şəhərlərində başlayan nəhəng və izdihamlı şənlik mərasimləri mayın 1-də səhərə qədər atəşfəşanlıq şəraitində keçmiş və hələ də davam etməkdədir. Almaniya ictimaiyyəti Avropa Birliyinin 25 üzv dövlətindən sərhədləri sərbəst keçərək şənliklərə qoşulan minlərlə qonağı "Əlvida əski Avropa, yeni Avropaya xoş gəlmisiniz!" nidaları ilə qarşılamışlar.
Almaniya ilə Polşa arasındakı sərhəd çayı Oder-Neyse üzərindəki nəhəng körpüdə sərhəd qurğularının ləğv edilməsi mərasimi daha əzəmətli olmuşdur. Almaniyanın xarici işlər naziri Yoşka Fişer öz polşalı həmkarı Vlodzimej Çimoşeviç ilə birlikdə gecəyarısı sərhəd qurğu və istehkamlarının "mişarlanma" mərasiminə qatılmış, 100 mindən artıq insanın qarşısında "Almaniya indi ilk dəfə olaraq dostlarının əhatəsindədir" demişdir.
Çexiya, Polşa və Almaniya sərhədində - Zittauda keçirilən sənliklərdə Almaniyanın federal kansleri Gerhard Şröder, keçmiş federal kansler Helmut Kol, Polşanın və Çexiyanın baş nazirləri Leşek Miller və Vladimir Şpidla iştirak etmişlər. Gerhard Şröder sərhədi açaraq demişdir: "Avropa Birliyinin genişlənməsi ilə biz Avropanın birləşməsi və vahidliyi yolunda önəmli bir addım atır və tarixi missiyamızı yerinə yetiririk".
Helmut Kol isə fikrini belə ifadə etmişdir: "Almaniya bu gündən başlayaraq, dostlarının və tərəfdaşlarının əhatəsindədir. Biz bundan sonra Avropada əsgər məzarları görmək istəmirik. Bu tezis Avropanın birləşməsi siyasətinin əsas müddəası kimi bütün ölkələrdə öz əks-sədasını tapmalıdır".
Aprelin 30-da Varşavada tarixdə ilk dəfə olaraq Almaniya Prezidenti Polşa Seymində çıxış etmişdir. Seymin Avropanın birləşməsinə həsr olunmuş təntənəli iclasında çıxış edən federal prezident Yohannes Rau Polşanın Avropa Birliyinə qəbul olunmasını tarixi hadisə kimi dəyərləndirərək demişdir: "Bu gündən Almaniya və Polşa arasında yaxın qonşuluq münasibətlərinin yeni və ən mühüm səhifəsi açılır”.