AVROPA ŞURASININ NÜMAYƏNDƏLƏR KOMİTƏSİ DAĞLIQ QARABAĞDA KEÇİRİLMİŞ REFERENDUMLA BAĞLI BƏYANAT VERMİŞDİR
İclasda Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulduğı və torpaqlarının 20 faizinin işğal edildiyi, dekabrın 10-da Dağlıq Qarabağda “referendumun” keçirilməsinin heç bir beynəlxalq hüquqi əsasının olmadığı, onun beynəlxalq hüquq prinsiplərinə və normalarına tamamilə zidd olduğu bildirilmiş, separatçıların bu aktı pislənmişdir.
Eyni zamanda, qanunsuz keçirilmiş “referendumla” bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, GUAM təşkilatının, Avropa Şurasının baş katibi Terri Devisin, qurumun Nazirlər Komitəsinin və Avropa İttifaqının bəyanat vermələri vurğulanmış, bu qeyri-qanuni aktla Avropa Şurası Nümayəndələr Komitəsinin sədri adından bəyanat verilməsi qərara alınmışdır.
İclasda komitənin sədri adından bəyanat qəbul edilmişdir. Bəyanatda Dağlıq Qarabağda keçirilmiş “konstitusiyaya dair referendumun” tanınmadığı bir daha xüsusi olaraq vurğulanmışdır. Sədr belə “referendumun” keçirilməsindən narahatlığını qeyd etmiş, onun münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesinə yardım etmədiyini bildirmişdir.