AVROPA ŞURASININ ÜZVÜ OLAN ÖLKƏLƏRİN KONSTİTUSİYA MƏHKƏMƏLƏRİ ARASINDA ƏLAQƏLƏRİN MÖHKƏMLƏNMƏSİ VACİBDİR
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev əvvəlcə konfransın noyabrın 9-da keçirilmiş ilk gününün yekunları barədə məlumat verdi, İtaliya Respublikası Konstitusiya Məhkəməsinin sədri Franko Bile və Baş katibi Pyerfeliçe Pratisini salamlayaraq, tədbirdə iştirak üçün gəldiklərinə görə təşəkkürünü bildirdi.
İclasa sədrlik edən Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkio məruzə üçün sözü Bakı Dövlət Universitetinin professoru Alış Qasımova verdi.
“Normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına zidd hesab edilməsi haqqında” mövzusunda məruzəsində alim, ölkəmizin qanunvericilik bazası haqqında qonaqlara ətraflı məlumat verərək bildirdi ki, bir sıra Avropa ölkələrindən fərqli olaraq Konstitusiyamızda vətəndaşların öz hüquq və azadlığının bərpa edilməsi ilə bağlı hər bir dövlət orqanının, siyasi partiyanın, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən, yaxud hərəkətsizliyindən məhkəməyə şikayət etmək hüququ vardır. “Konstitusiya Məhkəməsi haqqında” Qanunda, Mülki Prosessual Məcəllədə, Əmək Məcəlləsində və digər qanunvericilik aktlarında mövzu ilə bağlı fikirlərini çatdıran natiq, qanunların, hüquqi sənədlərin Konstitusiyaya uyğunluğunu yoxlamaq, ümumi yurisdiksiyalı məhkəmələrin səlahiyyətlərini müəyyən etmək üçün təkliflərini verdi.
İtaliya Respublikası Konstitusiya Məhkəməsinin sədri Franko Bile konfransa dəvət üçün təşəkkürünü bildirərək, ölkəsinin yarım əsrdən çox yaşı olan Konstitusiya Məhkəməsinin qanunla müəyyən edilmiş hüquq və səlahiyyətləri barədə məlumat verdi. Qeyd etdi ki, Azərbaycandan fərqli olaraq İtaliyada vətəndaşların birbaşa Konstitusiya Məhkəməsinə şikayət etmək hüququ yoxdur. O, ölkəsində rəhbərlik etdiyi qurumla kassasiya məhkəmələri arasında ziddiyyətlərin, mübahisəli məsələlərin həlli, aradan qaldırılması üçün son illər qanunlarda edilmiş düzəlişlər haqqında da konkret faktlar əsasında məlumat verdi.
“Almaniya Federal Konstitusiya Məhkəməsi qərarlarının ümumi məhkəmələr üzrə məcburi qüvvəsi” mövzusunda Regensburq Universitetinin professoru Rayner Arnoldun, ölkəmizin qanunvericilik bazasının əsasları, Avropa meyarlarına uyğunluğu barədə Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladzenin və digər natiqlərin çıxışları da maraqla qarşılandı. Vurğulandı ki, Azərbaycanın Konstitusiya Məhkəməsi haqqında qanun hazırlanarkən daha çox Almaniyanın təcrübəsi əsas götürülmüşdür.
Məruzələrdən sonra müzakirələr, ayrı-ayrı ölkələrin təcrübəsi, konstitusiya məhkəmələrinin demokratik prinsiplərin bərqərar olmasında rolu və s. barədə ətraflı fikir mübadiləsi, diskussiyalar aparıldı.
Sonda çıxış edən Venesiya Komissiyasının katibi Canni Bukikkio və Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev konfransın yüksək səviyyədə təşkil edildiyini, olduqca səmərəli keçdiyini, belə görüşlərin əhəmiyyətini, Avropa Şurasının üzvü olan ölkələrin konstitusiya məhkəmələri arasında əlaqələrin möhkəmlənməsinin zəruriliyini bildirdilər.
Bununla da iki gün davam edən beynəlxalq konfrans işini başa çatdırdı.