Avropada COVID-19-a rekord sayda yoluxma faktları qeydə alınıb
Bakı, 13 noyabr, AZƏRTAC
Ötən həftə Avropada COVID-19-a yoluxma ilə bağlı 2 milyona yaxın fakt qeydə alınıb. Bu, pandemiya başlayandan bəri regionda bir həftəlik maksimum göstəricidir. Avropada bu virusdan təqribən 27 min nəfər həyatını itirib. Bu, dünyada COVID-19-dan ölüm hallarının yarısından çoxu deməkdir.
AZƏRTAC xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus bu məlumatları Cenevrədə keçirdiyi brifinqdə səsləndirib. ÜST rəhbərinin sözlərinə görə, koronavirus infeksiyası təkcə vaksinasiyanın səviyyəsi aşağı olan bir sıra Şərqi Avropa ölkələrində deyil, həm də vaksinasiya göstəricilərinin dünyada ən yüksək səviyyədə olduğu Qərbi Avropa ölkələrində sürətlə yayılmaqdadır.
Qebreyesusun fikrincə, bu faktlar onu göstərir ki, vaksinlər digər ehtiyat tədbirlərini əvəz etmir. O deyib: “Vaksinlər xəstəxanaya düşmək, xəstəliyin ağır keçməsi və ölüm riskini azaldır, lakin onlar virusun yoluxmasının qarşısını tam almır. Bəzi Avropa ölkələri yoluxmaların artmasının qarşısını almaq və səhiyyə sistemlərinin yükünü azaltmaq məqsədilə yenidən məhdudiyyətlər tətbiq edirlər.
Doktor Qebreyesus əmindir ki, ehtiyat tədbirləri düzgün əlaqələndirilsə, ölkələr virusun yayılmasının azaldılması və cəmiyyətlərin normal fəaliyyəti arasında tarazlıq tapa bilərlər.
ÜST rəhbəri bir daha dünyada vaksinlərin ədalətli bölgüsünü təmin etməyə çağırıb. Onun sözlərinə görə, hazırda iki ölkə - Koreya Xalq Demokratik Respublikası və Eritreya müstəsna olmaqla, bütün ölkələrdə vaksinasiya aparılır. Bu ilin sonuna qədər dünya əhalisinin 40 faizini peyvəndləmək üçün təcili olaraq əlavə 550 milyon vaksin lazımdır. Bu miqdarda preparat dünyada on gün ərzində istehsal edilir.