Avstriya İtaliya ilə sərhədlərin açılmasına tələsmir
Vyana, 16 may, AZƏRTAC
Avstriya hökuməti hazırda qonşu ölkələrlə sərhədlərin yenidən açılması istiqamətində iş aparır. Bunun üçün infeksiyanın yayılması ilə bağlı cari vəziyyət mühüm əhəmiyyət daşıyır. Bir sıra ölkələrlə müsbət danışıqlar aparılsa da, yaxın perspektivdə İtaliya ilə sərhədlərin açılması gözlənilmir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Avstriyanın Federal Kansleri Sebastian Kurts koronavirus pandemiyası ilə əlaqədar qonşu dövlətlərlə sərhədlərin nə zaman açılacağı barədə sualı cavablandırarkən bildirib. O qeyd edib ki, Almaniya, İsveçrə və Lixtenşteyn ilə sərhəd nəzarətinin indidən mümkün qədər yüngülləşdirilməsi artıq razılaşdırılıb və iyunun 15-də bu ölkələrlə sərhədlər tam şəkildə açılmalıdır. Eyni zamanda, şərqdəki qonşular (Çexiya, Slovakiya və Macarıstan) və Sloveniya ilə də ən yaxın zamanda sərhədlərin açılması istiqamətində danışıqlar aparılır.
Kanslerin sözlərinə görə, hazırda İtaliya ilə sərhədlərin açılması üçün yetərli əsaslar mövcud deyil, çünki həmin ölkədəki epidemioloji vəziyyət buna icazə vermir.
İtaliyanın tarixən avstriyalıların məskunlaşdıqları Trentino (Cənubi Tirol) vilayətinin qubernatoru Arno Kompaçer isə ən azından bu vilayətlə Avstriya arasında gediş-gəlişin bərpa olunacağına ümid bəslədiklərini bildirib. O, Avstriyanın Almaniya və İsveçrə ilə əldə etdiyi razılaşmaya bənzər formatın Brenner sərhəd-keçid məntəqəsinə də tətbiq olunması ehtimalını dilə gətirib. A.Kompaçer bu istəyi regionun Avstriya ilə sıx mədəni və iqtisadi bağlara malik olması ilə izah edib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana