DÜNYA
Avstriya Rusiyadan təbii qaz tədarükünə dair müqavilələri qüvvədə saxlayır
Vyana, 20 mart, AZƏRTAC
Avstriya Rusiyadan təbii qaz tədarükünə dair müqavilələri qüvvədə saxlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Avstriyanın OMV neft-qaz şirkətinin rəhbəri Alfred Ştern bildirib. Onun sözlərinə görə, Avstriyanın mavi yanacağa tələbatının 80 faizi Rusiyadan alınır və ötən il mövcud müqavilələrin müddəti 2040-cı ilə kimi uzadılıb. O qeyd edib ki, yarım əsrlik əməkdaşlıq nəticəsində Avstriya üçün dünya bazarlarında ən sərfəli qiymətə alınan təbii qazdan imtina bir gün içərisində mümkün ssenari deyil.
OMV rəhbəri Avstriyanın “Ö1” radiosuna müsahibəsində, həmçinin bildirib ki, şirkət Rusiyadakı investisiyaları dayandırmaq qərarına gəlsə də, təbii qaz tədarükünə dair mövcud müqavilələrin ləğvi nəzərdən keçirilmir.
Müsahibədə qeyd edilib ki, Avropa İttifaqı qarşıdakı bir il ərzində Rusiyadan qaz idxalını üçdə iki hissəsini ixtisar etmək, 2027-ci ildə isə Rusiyadan neft və qaz idxalını tamamilə dayandırmaq niyyətindədir. A.Ştern bildirib ki, Aİ-nin konkret planlarının nədən ibarət olması ona məlum deyil, lakin Rusiyadan alınan bu həcmdə enerji daşıyıcılarını qısa müddət ərzində digər alternativ mənbələrlə əvəzləmək asan olmayacaq.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana