Yunis Hüseynov avrokuboklara vəsiqə şansı yüksək olan klubların adlarını açıqlayıb
Bakı, 20 may, AZƏRTAC
“Ölkə çempionatında avrokuboklar uğrunda bu cür gərgin mübarizənin getməsi sevindiricidir. Bu, Premyer Liqanın inkişaf etdiyini göstərir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Yunis Hüseynov Azərbaycan Premyer Liqasında bu mövsüm avrokuboklar uğrunda mübarizə aparan komandalar barədə danışarkən deyib.
Mütəxəssisin fikrincə, “Neftçi”nin növbəti beynəlxalq arenada olması vacibdir: “Ən böyük istəyim “ağ-qaralar”ın avrokuboklara çıxmasıdır. Çünki “Neftçi” Azərbaycanın böyük komandalarından biridir. Şansları da kifayət qədər yüksəkdir. Son turda “Sabah”ı da məğlub edəcəklərini düşünürəm”.
Onun sözlərinə görə, “Sumqayıt”ın “Qəbələ” ilə matçda üç xal qazanması real görünür: “Kaxaber Sxadadzenin komandası ardıcıl üç görüşdə qalib gəlməklə “Sumqayıt”a üçün də çətin rəqib olacağını göstərdi. İddiası olmayan komandalar sürpriz etməyi bacarır. Lakin düşünürəm ki, “gənclik şəhəri” təmsilçisi çətin də olsa, üç xalı qazana biləcək”.
Y. Hüseynov “Zirə”nin isə doğma meydanda “Səbail”ə qalib gələcəyinə inandığını söyləyib: “Zirə” mövsüm ərzində vacib xalla itirsə də, “dənizçilər”i məğlub edəcəyinə inanıram. Düşünürəm ki, “Neftçi”, “Sumqayıt” və “Zirə”nin növbəti mövsüm avrokuboklarda oynamaq şansı daha yüksəkdir”.
Qeyd edək ki, mövsümün bitməsinə 1 tur qalmış “Neftçi” (56 xal) 2-ci, “Zirə” və “Sabah” (hər ikisi 55 xal) müvafiq olaraq, 2-3-cü, “Sumqayıt” (54 xal) isə 5-ci pillədə qərarlaşıb.