AVSTRİYA ŞİRKƏTLƏRİ AZƏRBAYCAN İLƏ İŞ BİRLİYİNDƏ MARAQLIDIRLAR
AZƏRTAC xəbər verir ki, iyunun 2-də “Avropa” mehmanxanasında Azərbaycanda səfərdə olan Avstriya ticarət nümayəndə heyətinin üzvləri ölkəmizin iş adamları ilə ikitərəfli görüşlər keçirmişlər.
Tədbirdə Avstriya tərəfdən qida sənayesi, tikinti, metal emalı, neft-kimya, yerli və beynəlxalq yüklərin daşınması, müxtəlif növ içkilərin doldurulması və qablaşdırılması, toxuculuq, sənaye avtomatikası sistemləri, tibbi avadanlıq sahələrini təmsil edən 12 müəssisənin nümayəndələri, Azərbaycan tərəfdən isə müvafiq sahələrdə fəaliyyət göstərən 60-dək sahibkar iştirak etmişdir.
Görüşdə ölkələrimizin iş adamları arasında gələcək işgüzar əlaqələrin qurulması, qarşılıqlı səmərəli əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər müzakirə edilmişdir.
Nümayəndə heyətinə Avsrtiyanın ölkəmizdəki səfiri Marius Kalligaris, Avstriyanın Rusiya Federasiyasındakı səfirliyinin ticarət müşaviri Yohan Kausl və Avstriyanın İqtisadiyyat Palatasının MDB ölkələri üzrə regional direktoru Hans Valter rəhbərlik edirlər.
Nümayəndə heyəti üzvlərinin Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında görüşü nəzərdə tutulmuşdur.
Avstriya ticarət nümayəndə heyəti Azərbaycandan sonra Gürcüstan və Ermənistanda da olacaqlar. Onların Cənubi Qafqaz regionu üzrə səfəri iyunun 5-də başa çatacaqdır.