AVSTRİYA VƏ AZƏRBAYCAN ALİ MƏHKƏMƏLƏRİ ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA SƏNƏD İMZALANMIŞDIR
Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev qurumun strukturu barədə məlumat vermiş, ölkəmizdə 1996-cı ildən Konstitusiya Məhkəməsinin fəaliyyətə başladığını, 1998-ci ildən ölüm hökmünün ləğv edildiyini bildirmişdir. O, Avstriyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu xatırlatmış, ümummilli lider Heydər Əliyevin 2000-ci ilin iyulunda bu ölkəyə rəsmi səfərindən sonra bir çox sahələrdə əlaqələrin inkişaf etdiyini vurğulamışdır. Ölkələrimizin hüquq mühafizə orqanları, məhkəmə sistemləri arasındakı əlaqələrə toxunan R.Rzayev Avstriyanın daxili işlər, ədliyyə nazirlərinin və Baş prokurorunun, indi isə cənab İ.Jeşutun Azərbaycana, eyni zamanda, respublikamızın daxili işlər və ədliyyə nazirlərinin, bu ilin yanvarında isə Konstitusiya Məhkəməsi sədrinin Avstriyaya səfərlərinin əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli olduğunu söyləmişdir. Ali Məhkəmənin sədri Prezident İlham Əliyevin ölkədə məhkəmə sisteminin inkişafına böyük diqqət yetirdiyini bildirmişdir. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat vermişdır.
Cənab İ.Jeşut Avstriyanın məhkəmə sistemi barədə danışmış, mövcud problemlər, keçiriləcək islahatlar haqqında məlumat vermiş, bu sahədə təcrübə mübadiləsi aparılmasının zərurətini vurğulamışdır.
Sonda Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev və Avstriya Ali Məhkəməsinin sədri İohann Jeşut iki ölkənin ali məhkəmələri arasında əməkdaşlıq haqqında “Anlaşma memorandumu”nu imzalamışlar.
Tədbirdə qonağa hədiyyə təqdim edilmişdir.