Avstriyada koronavirusa yoluxma hallarının 40 faizi xarici səfərlərdən qaynaqlanır
Vyana, 7 avqust, AZƏRTAC
Avstriyada koronavirusa yoluxma hallarının təxminən 40 faizi xarici ölkələrə səfər edənlərin geri dönməsi ilə əlaqəlidir.
AZƏRTAC xəbər verir ki, Avstriya Qida Təhlükəsizliyi və Səhiyyə Agentliyinin məlumatına əsasən, bununla da yay mövsümündə xaricə səfər edənlər yoluxanların əsas hissəsini təşkil edirlər. Agentliyin hesabatında bildirilib ki, ötən həftə (26 iyul - 1 avqust) ərzində qeydə alınan 3266 yoluxma halının 69,5 faizində infeksiya mənbəyinə aydınlıq gətirilib. Onlardan 39,3 faizi əhalinin xaricdəki səfərləri ilə əlaqədardır və agentlikdən bildirilib ki, bu yüksək göstərici yay mövsümünə görə proqnozlaşdırılırdı. Sonrakı yerdə isə 37,5 faizlə məişət şəraitində yoluxmalar tutub və bu göstərici iyun ayının sonunda 60 faizə yaxın olub.
Qeyd edilib ki, otel və qastronomiya obyektlərində yoluxma hallarının sayı isə ciddi şəkildə aşağı düşüb (25 faizdən 5,4 faizə). Bu isə həmin sektorlarda giriş qaydalarının sərtləşdirilməsi və mütəmadi testlərin aparılması ilə izah edilib.
Hazırda Avstriyada koronavirusa gündəlik yoluxma hallarının sayı 500 ətrafındadır. Rəsmi qurumlar əhalini vaksinasiya kampaniyasında fəal şəkildə iştiraka çağırsalar da, yay mövsümündə gündəlik peyvənd statistikası da aşağı düşüb. Bu, bir tərəfdən yay mövsümü ilə əlaqədar olsa da, digər tərəfdən əhali arasında peyvənd inkarçılarının rəftarı ilə bağlıdır. Avstriya Həkimlər Palatası ölkədəki koronavirusa qarşı pulsuz PCR testlərini ləğv etməyə və peyvənddən boyun qaçıranlar üçün bir sıra məhdudiyyətlər tətbiq olunmasına çağırış edib. Həkimlər Palatası hazırkı vəziyyətin aldadıcı olduğunu vurğulayaraq, əhalini payız mövsümündən öncə peyvəndləmə kampaniyasında iştiraka çağırıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana