AVTOMOBİL QƏZALARI ÖLÜMLƏ NƏTİCƏLƏNMİŞDİR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ağsu rayonunun ərazisində Rəşid Əliyevin idarə etdiyi “VAZ-2121” markalı və Osman Şıxəliyevin sürdüyü “QazEL” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə R.Əliyev hadisə yerində ölmüşdür.
Lənkəran şəhərində şəhər sakini Azər Babayev idarə etdiyi “BMW” markalı avtomaşını aşırmışdır. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş sərnişin, Lənkəran şəhər sakini Cəmil Babayevin həyatını xilas etmək mümkün olmamışdır.
Lənkəran rayonu ərazisində Masallı rayon sakini Ramiz Fətullayev sürdüyü “VAZ-2106” markalı avtomaşını Lənkəran sakini Səfər Kərimovun idarə etdiyi “YMZ” markalı traktora vurmuşdur. Nəticədə “VAZ-2106”-nın sərnişini, sürücünün oğlu Rüfət hadisə yerində ölmüş, özü isə xəsarətlə xəstəxanaya yerləşdirilmişdir.
İmişli rayonunun Cəfərli kəndində kənd sakini Gəncalı Məmmədovun idarə etdiyi “Mitsubishi” markalı avtomaşını aşırması bir nəfərin ölümünə səbəb olmuşdur.
Hadisələrlə bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.