ELM VƏ TƏHSİL
Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisləri AMEA YT Parkın məhsulları barədə məlumatlandırılıb
Bakı, 14 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru Nazim Şükürov və həmin müəssisənin nümayəndələri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində olublar.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Nazim Şükürov YT Parkın fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd edib ki, innovativ sahibkarlığın inkişaf etdirilməsi, yeni fəaliyyət növlərinin və məhsullarının inkişafı üçün əlverişli mühitin yaradılması, qabaqcıl texnologiyaların transferi və mənimsənilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi bu qurumun əsas fəaliyyət istiqamətlərindəndir.
Sonra YT Parkda istehsal olunan sürtkü, mühərrik və sənaye yağlarının istehsalı və bu məhsulların dövlət satınalınması məsələlərinə dair müzakirələr aparılıb, bir sıra təkliflər səsləndirilib.
Görüşdə, həmçinin mənfi temperatur şəraitində daxiliyanma mühərriklərini, yanğına qarşı boru kəmərlərini soyutmaq, pəncərə və nəzarət şüşələrinin donması və tərləməsinin qarşısını almaq üçün işlədilən antifrizlərdən istifadə ilə bağlı problemlərə toxunulub. Qeyd olunub ki, YT Parkda müasir texniki göstəricilərə malik, şaxtaya davamlılığı yüksək olan antifrizlər istehsal edilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən olan mütəxəssislər YT Park və bu müəssisənin rezidentlərinin fəaliyyətini yüksək qiymətləndiriblər. Onlar sınaq məqsədilə YT Parkın istehsal etdiyi müxtəlif çeşidli məhsullardan istifadə etməkdə maraqlı olduqlarını bildiriblər.