İDMAN
AYNUR SOFİYEVA YENİDƏN AZƏRBAYCAN ŞAHMAT FEDERASİYASININ PREZİDENTİ SEÇİLMİŞDİR
Gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Prezident Aparatının humanitar siyasət məsələləri şöbəsinin sektor müdiri Ramiz Muxtarovun iştirak etdikləri konfransda federasiyanın ötən 4 ildəki fəaliyyətinə dair hesabat dinlənilmiş, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılmış, quruma seçkilər keçirilmişdir.
Federasiyanın prezidenti beynəlxalq qrossmeyster Aynur Sofiyeva qurumun fəaliyyəti barədə məlumat verərək, Prezident İlham Əliyevin idmana, xüsusilə, şahmata diqqətindən danışmış, məhz onun qayğısı sayəsində son illər bu sahədə yüksək nailiyyətlər qazanıldığını vurğulamışdır.
Federasiyanın birinci vitse-prezidenti Faiq Həsənov ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə ötən əsrin 70-ci illərinin sonunda yaradılmış Azərbaycan Şahmat Məktəbinin müstəqillik dövründə şahmatçıların yeni nəslinin yetişməsində müstəsna xidmətlərindən söz açmışdır. F. Həsənov şahmatçıların son 4 ildə qazandıqları uğurları xatırladaraq, idmançılarımızın bu müddətdə müxtəlif beynəlxalq turnirlərdən, dünya və Avropa çempionatlarından vətənə 10 qızıl, 6 gümüş və 3 bürünc medal gətirdiyini vurğulamış, habelə ölkəmizdə 8 beynəlxalq qrossmeysterin, 6 beynəlxalq usta və 3 FİDE ustasının, bir beynəlxalq hakimin yetişdiyini bildirmişdir.
Yığma komandanın baş məşqçisi Fikrət Sideyifzadə isə milli komandanın nəticələrindən danışaraq, şahmatçıların iştirak etdikləri hər turnirdən mükafatla qayıtdığını diqqətə çatdırmışdır.
Konfrans nümayəndələri federasiyanın 4 illik fəaliyyətini qənaətbəxş hesab etmişlər. Aynur Sofiyeva yenidən 4 il müddətinə federasiyanın prezidenti seçilmişdir. Faiq Həsənov və Mahir Məmmədov federasiyanın vitse-prezidentləri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə fəxri üzvü seçilmişlər.