REGİONLAR
Azad olunmuş ərazilər işğal zamanı antropogen çirklənməyə məruz qalıb
![Azad olunmuş ərazilər işğal zamanı antropogen çirklənməyə məruz qalıb](/files/2023/1/1200x630/1677068625642446445_1200x630.jpg)
Laçın, 22 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
İşğaldan azad olunmuş ərazilərdə bioloji və radioekoloji monitorinqlər aparılıb, torpaq və su resursları tədqiq edilib. Tədqiqatlar Laçın rayonunu da əhatə edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Laçın şəhərində işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahın nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun iclasında AMEA-nın vitse-prezidenti İradə Hüseynova danışıb.
O bildirib ki, Şuşa şəhərinin, eləcə də Laçın dəhlizinin müəyyən yerlərində torpaqdan götürülmüş nümunələrin mikrobioloji analizi nəticəsində torpaqların mikobiotasının həm kəmiyyət, həm də keyfiyyət dəyişikliyinə uğradığı aydınlaşıb. Torpaq nümunələrinin mikobiotasının növ tərkibinə görə kasadlaşması mikobiotanın strukturundakı dəyişikliklərə mütənasib formada baş vermir və torpaqların fitotoksiki aktivliyinin fon göstəricisinin yüksəlməsi ilə müşayiət olunur.
“Şuşa və Laçın şəhərlərinin yerləşdiyi ərazilərdə temperaturun o qədər də yüksək olmamasına baxmayaraq, qeydə alınan göbələklər arasında tünd rəngli mitseliya malik göbələklərin xüsusi çəkisi daha yüksəkdir ki, bu da spesifik antropogen çirklənmənin nəticəsidir”, - deyə İradə Hüseynova qeyd edib.
Onun sözlərinə görə, Laçın rayonu ərazisində 2021-2022-ci illərdə bir neçə dəfə radioekoloji tədqiqatlar aparılıb. Əldə olunmuş göstəricilər əsasında Laçın rayonu üçün qamma şüalanmanın ekvivalent dozasının gücünün yayılmasının elektron xəritəsi tərtib edilib.