İQTİSADİYYAT
AzEduNet-ə qoşulan təhsil müəssisələrinin sayı 1200-ə çatmışdır
Bakı, 3 fevral (AZƏRTAC). Ötən ilin sonuna Azərbaycan Təhsil Şəbəkəsinə (AzEduNet) qoşulan təhsil müəssisələrinin sayı 1200-ə çatmışdır. Bu barədə “2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2011-ci ilin yekunlarına dair hesabatda deyilir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi istiqaməti üzrə ötən il respublikada təhsil müəssisələrinə və Təhsil Nazirliyinin tabeliyində olan şəhər və rayon təhsil şöbələrinə 2 min stolüstü kompyuter dəsti, 500 noutbuk, 500 proyektor və s. informasiya və kommunikasiya texnologiyaları avadanlığı verilmişdir. Həmçinin respublika üzrə şəhər və rayon təhsil müəssisələri, o cümlədən məktəblər ADSL və simsiz genişzolaqlı internetə qoşulmaq üçün zəruri avadanlıqla təmin olunmuşdur.
Bundan başqa, Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrində İKT avadanlığına texniki nəzarət və dəstək sisteminin təkmilləşdirilməsi prosesi də həyata keçirilmişdir. Respublika üzrə şəhər və rayonlarda 32 min kompyuterə texniki xidmət göstərilmişdir. Təhsil müəssisələrinə verilən kompyuter avadanlığında 32 min Microsoft Windows XP Pro və Office XP Pro lisenziyalarının, antivirusların və istifadədə olan digər antivirusların lisenziyalarının müddəti uzadılmışdır.
Müasir texnologiyalar əsasında qurulan interaktiv “Məktəb xəritəsi” proqramı artıq Bakıda fəaliyyətə başlamışdır. Xəritədə Bakı şəhəri üzrə təhsil müəssisələri göstərilmiş, proqram təminatı vasitəsilə məktəblərarası məsafə, təhsil müəssisələrinin təsvirləri, məktəb barədə informasiya və s. məlumatları əldə etmək mümkündür.
Kadr potensialının gücləndirilməsi istiqamətində 2011-ci ildə 3,7 min nəfər inzibati-idarəetmə heyəti və təhsil sisteminin 21,3 min pedaqoji heyəti, eləcə də 355 nəfər texniki heyət İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi üzrə təlimlərdə iştirak etmişdir.