“Azəralüminium”da tullantı dəmir materiallardan velosiped dayanacağı quraşdırılıb
Bakı, 10 mart, AZƏRTAC
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azəralüminium” MMC ekoloji tarazlığın bərpası, insanların diqqətini ətraf mühitin mühafizəsinə yönəltmək baxımından əhəmiyyətli addım atıb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, MMC-nin rəhbərliyinin təşəbbüsü ilə istehsalatdan qalan tullantı dəmir materiallardan istifadə edilərək zavodun girişində velosiped dayanacağı quraşdırılıb. Dayanacaq “Azəralüminium” MMC-nin əməkdaşları tərəfindən hazırlanıb. Məqsəd velosiped həvəskarı olan əməkdaşların işə gəlmə və getmə vaxtlarını səhər və axşam idmanına çevirməkdir. Bununla da “Azəralüminium” MMC-də çalışanlarla yanaşı, Gəncə şəhər sakinləri arasında da “Sağlam həyat” tərzi təbliğ olunur.
Qeyd edək ki, zavodun ərazisinə gələn asfalt yolun sol hissəsində velosiped sürücülərinin təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi zolaq ayrılıb.