AZƏRBAYCAN ABŞ ARASINDA EMİ-TEXNİK ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
Yanvarin 14-də Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondunun prezidenti Qerson Şeri qəbul etmişdir.
Nazirlər Kabinetinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, qəbula görə Azərbaycanın baş nazirinə təşəkkürünü bildirən Qerson Şer rəhbərlik etdiyi təşkilat barədə ətraflı məlumat verərək bildirdi ki, əsasən mülki sahədə tədqiqatların aparılmasını dəstəkləyən Fond ABŞ ilə MDB ölkələri arasında elmi-texniki əməkdaşlığın inkişafına yardımçı qurum kimi fəaliyyət göstərir. Azərbaycanlı alimlərin də fondun müxtəlif müsabiqə və layihələrində, texnologiyaların kommersiyalaşdırılması proqramında yaxından iştirakını təmin etmək məqsədi ilə ötən il Mülki Tədqiqatlar və İnkişaf Fondu ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında müqavilə imzalandığını xatırladan qonaq, bu fondun qrantı hesabına yaradılmış Azərbaycan Milli Elm Fondu Bakı ofisinin əlaqələrimizin daha da yaxınlaşması istiqamətində faydalı işlər görəcəyinə əmin olduğunu söylədi.
Son illər ölkəmizdə elmin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayan baş nazir Artur Rasizadə Milli Elmlər Akademiyasının işinin daha da təkmilləşdirilməsi, elmi ictimaiyyətin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən Milli Elmlər Akademiyasının statusu və Nizamnaməsi haqqında bir sıra mühüm fərmanlar imzalandığını qeyd etdi. Elmi potensialdan ölkə iqtisadiyyatının inkişafı üçün istifadənin əhəmiyyətini nəzərə çatdıran baş nazir, bu baxımdan Azərbaycanla ABŞ alimləri arasında əlaqələrin daha da genişləndirilməsinin, xüsusən kadr hazırlığı və təcrübə mübadiləsi sahələrində əməkdaşlığın vacib olduğunu bildirdi.
Qəbul zamanı tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov görüşdə iştirak edirdi.