AZƏRBAYCAN AKROBATLARI BEYNƏLXALQ TURNİRDƏ MEDALLAR QAZANMIŞLAR
Azərbaycan akrobatları Veliki Novqorodda keçirilən “Volkov kuboku” beynəlxalq turnirində 1 gümüş və 1 bürünc medal qazanmışlar.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, gümüş medala kişilərdən ibarət qrup, bürünc mükafata isə qadın cütlüyü layiq görülmüşdür. Qrupun məşqçisi Əvəz Abbasovun sözlərinə görə, balans hərəkətlərindən sonra dördlük yalnız 4-cü yerə çıxa bilmişdi. Lakin Rüstəm Nəcəfquliyev, İlham Abbasov, Elnur Məmmədov və Fərid Məmmədov temp kompozisiyasını rəqiblərindən daha yaxşı yerinə yetirərək, ikinci yeri tutmuş və finalda qarışıq hərəkətlərdən sonra da bu mövqedə qalmışlar. Bundan əlavə, Fərid “Qələbə əzminə görə” nominasiyasında turnirin xüsusi mükafatına layiq görülmüşdür.
Ayla Əhmədova və Dilarə Sultanovadan ibarət qadın cütlüyü balans və temp çıxışlarından ibarət təsnifat yarışından sonra dördüncü mövqedə idi. Qarışıq kombinasiyanı səhvsiz yerinə yetirən cütlük Rusiya və Belarus akrobatlarından sonra üçüncü yeri tutmuşdur.
Məşqçi İradə Qurbanova demişdir: “Bu turnir kiçik dünya çempionatı sayılır, buraya dünyanın ən yaxşı akrobatları toplaşırlar. Biz güclü Belçika akrobatlarını geridə qoyduq və hazırkı dünya çempionları Belarus idmançıları ilə sonadək bərabər mübarizə apardıq”.
Yeniyetmələr arasında çıxış edən Elçin Məmmədov və Emil Yarəhmədov cütlüyü doqquz duet arasında beşinci yeri tutmuşdur.
Sentyabrın əvvəlində akrobatlarımız Krasnodarda üç həftəlik təlim-məşq toplantısı keçəcəklər. Onlar Rusiya idmançıları ilə birlikdə oktyabrda Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək dünya çempionatına hazırlaşacaqlar.