Azərbaycan alimi ABŞ-da keçirilən beynəlxalq konfransda sertifikatla təltif olunub
Bakı, 5 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun radiokimya laboratoriyasının rəhbəri, kimya elmləri doktoru Xaqani Məmmədov ABŞ-ın San-Fransisko şəhərində III Beynəlxalq “Qaz, yanacaq və neft mühəndisliyi” (GOPE 2019) mövzusunda konfransda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, Birləşmiş Elmi Qrup tərəfindən təşkil olunan beynəlxalq tədbirdə Xaqani Məmmədovun “Dağılmış neftin buxarlanmasının və yayılmasının qarşısının alınması və su mənbələrini çirkləndirmiş üzvi maddələrin molekullarının oksigenli mühitdə oduncaq tikələrinin səthinə tikilməsi üsulları” mövzusunda məruzəsi dinlənilib.
Dünyanın 56 ölkəsinin elm və təhsil mərkəzlərinin aparıcı alimlərinin, neft-qazçıxarma və emalı müəssisələrinin rəhbər işçilərinin iştirak etdikləri konfransda neft-qazçıxarma, emal və yanacaq mühəndisliyi sahəsinin ən yeni nailiyyətləri müzakirə edilib, perspektiv layihələr barədə işgüzar fikir mübadiləsi aparılıb.
Sonda konfransın təşkilat komitəsi tərəfindən sertifikatla təltif olunan Azərbaycan alimi 2020-ci ildə Los-Ancelesdə keçiriləcək növbəti konfransa dəvət edilib.