Azərbaycan alimlərinin məqaləsi beynəlxalq jurnalda nəşr olunub
Bakı, 22 yanvar, AZƏRTAC
SCADA (Supervisory Control and Data Acquisition) sistemləri kritik infrastrukturun real vaxt rejimində monitorinqini, idarə edilməsini və məlumatların əldə edilməsini təmin etməklə neft-qaz sənayesində mühüm rol oynayır. Ənənəvi SCADA sistemləri çox bahalı, qeyri-çevik, miqyaslanması çətin olduğundan məlumatların toplanması, ötürülməsi və emalında çoxsaylı problemlər yaranır. Bulud əsaslı SCADA sistemləri miqyaslılığı, çevikliyi və qənaətcilliyi sayəsində bir çox üstünlüklər təklif edir. Bu üstünlüklərdən yararlana bilməsi üçün bulud əsaslı SCADA sistemlərinin neft-qaz sənayesində tətbiqi ilə bağlı bir sıra problemlərin həll edilməsi tələb olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları Rəşid Ələkbərov və Məmməd Həşimovun həmmüəllifi olduqları “Neft və qaz sənayesində bulud əsaslı SCADA sistemlərinin tətbiqi problemləri” adlı məqalədə məlumat verilib.
Nüfuzlu “Web of Science” bazasına daxil olan “SOCAR Proceedings” jurnalında nəşr edilən məqalədə bulud əsaslı SCADA sistemlərinin təhlükəsizliyinə mane ola biləcək mövcud kiberhücumlar göstərilib.