“AZƏRBAYCAN-ALMANİYA CƏRRAHİYYƏ GÜNLƏRİ” BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyunun 9-da Beynəlxalq Mətbuat Mərkəzində 5 gün davam edən “Azərbaycan-Almaniya Cərrahiyyə Günləri”nə yekun vurulmuşdur.
M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin elmi katibi Qurban Müslümov çıxış edərək “Almaniya-Azərbaycan Cərrahiyyə Günləri” çərçivəsində həyata keçirilən tədbirlərdən danışmışdır.
Natiq bildirmişdir ki, Almaniyanın tanınmış cərrahlarının iştirakı ilə müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar üzərində pulsuz laporoskopik cərrahi əməliyyatlar həyata keçirilmişdir. Cərrahiyyə sahəsində fəaliyyət göstərən tibb işçilərinə əməliyyatları canlı izləmək, tibbin ən son nailiyyətləri ilə əyani tanış olmaq imkanı yaradılmışdır.
Almaniyanın Heydelberq Universitetinin Mannheim Cərrahlıq klinikasının direktoru Stefan Post və Almaniyanın Sieqen Cərrahlıq klinikasının direktoru Frank Villeke Azərbaycanda son illərdə səhiyyə sahəsində böyük inkişafın şahidi olduqlarını bildirmişlər.
Tədbirin təcrübə mübadiləsi aparmaq baxımından əhəmiyyətindən danışan natiqlər “Azərbaycan-Almaniya Cərrahiyyə Günləri”nin iki ölkə arasında səhiyyə sahəsindəki intensiv əməkdaşlığın bir mərhələsi olduğunu vurğulamışlar.