Azərbaycan Avropa İttifaqının “İqlim, su, enerji” layihəsi üzrə Milli Dialoqunda təmsil olunub
Bakı, 25 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri professor Rza Mahmudov, İqlim və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi Həsən Nəbiyev və eləcə də Milli Məclisin deputatı Vüqar Bayramov Moldovanın paytaxtı Kişineo şəhərində Avropa İttifaqının həyata keçirdiyi “İqlim, su, enerji” layihəsi üzrə 4-cü Milli Dialoqda Azərbaycanı təmsil ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Avropa İttifaqının nümayəndələri ilə yanaşı, Türkiyə, Azərbaycan, Moldova, Ukrayna, Pribaltika və Cənubi Qafqaz ölkələrindən nümayəndə heyəti, alim və mütəxəssislər iştirak ediblər.
Tədbirdə su ehtiyatları sahəsində hüquqi bazanın gücləndirilməsi sahəsində qanunların, siyasətlərin işlənib hazırlanması, içməli suyun keyfiyyəti, transsərhəd suların idarə edilməsi, iqlim dəyişikliklərinin su sektoruna təsiri, suyun idarə edilməsi üçün iqtisadi alətlərdən istifadə və su istifadəçiləri assosiasiyaları və ya çay hövzəsini idarə edən təşkilatlar üçün idarəetmə biznes modelinin təkmilləşdirilməsi və s. məsələlər müzakirə edilib.
Azərbaycan nümayəndələri ölkəmizin bu sahədə həyata keçirdiyi tədbirlərdən, aparılan elmi-tədqiqat işlərindən danışıblar. R.Mahmudov Ermənistan və Gürcüstanın transsərhəd çay və göllərin istifadəsinə dair 1992-ci ildə Helsinkidə qəbul edilən Beynəlxalq Konvensiyanı bu günə kimi imzalamadıqlarını və bununla bağlı heç bir tədbirin görülmədiyini iştirakçılara xatırladıb.