AZƏRBAYCAN BAŞ NAZİRİNİN BİRİNCİ MÜAVİNİ ABBAS ABBASOVUN MOSKVADA GÖRÜŞLƏRİ
Abbas Abbasov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirmişdir ki, Azərbaycanla Rusiya arasında bütün sahələrdə əməkdaşlıq kifayət qədər uğurla və dinamik, qarşılıqlı surətdə faydalı əsasda inkişaf edir. Keçirilmiş görüşlərdən əsas məqsəd tezliklə həllini gözləyən bir sıra mühüm məsələlərin müzakirəsindən ibarət idi. Azərbaycan tərəfinin qaldırdığı məsələlər yaxın vaxtlarda həll olunacaqdır. Misal üçün, Azərbaycan gəmilərinin Rusiyanın daxili sularından – Volqa-Don və Volqa-Baltik kanallarından keçməsi barədə məsələ qaldırılmışdır. Danışıqlar nəticəsində əldə olunmuş razılığa əsasən, Rusiya tərəfi Azərbaycanın beş gəmisinə həmin kanallardan naviqasiya mövsümünün sonunadək keçməyə icazə verir. Bu günlərdə həmin məsələyə dair müvafiq sənəd imzalanacaqdır.
A.Abbasov həmçinin bildirdi ki, Samur körpüsünün tikintisi və yenidən qurulması məsələsi müsbət həll edilmişdir. Danışıqlarda A.Jukov demişdir ki, bu məsələ tezliklə müsbət həll olunacaqdır. Çox tezliklə həll edilməli cari məsələlərdən biri Rusiya aviaşirkətlərinin təyyarələrinə Azərbaycan yanacağı doldurmasına RF Nəqliyyat Nazirliyinin aviasiya qurumları tərəfindən qadağa qoyulması ilə bağlı idi. Bu gün biz həmin məsələni tənzimlədik. Mən nümayəndələrimizə müvafiq tapşırıq verdim ki, onlar Rusiya Federal Aviasiya Agentliyinin rəhbəri ilə görüşsünlər.
Danışıqlarda Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları göndərilməsi məsələsi də müzakirə edilmişdir. A.Abbasov bildirdiyinə görə, bu məsələnin həlli ilə əlaqədar hər iki tərəfdən sərhədyanı regionlarda – Həştərxan, Volqoqrad, Samara, Saratov, Dağıstan və digər regionlarda bütün qurumlara tapşırıq verilmişdir ki, onlar Azərbaycana gedib, kənd təsərrüfatı məhsullarını özləri seçsinlər və Rusiyaya aparsınlar.
A.Abbasov Rusiya xarici işlər nazirinin birinci müavini V.Loşşinin ilə danışıqların yekunlarını şərh edərək demişdir ki, görüşdə qarşılıqlı maraq doğuran bir sıra siyasi və iqtisadi xarakterli məsələlər müzakirə olunmuşdur.