AZƏRBAYCAN-BELARUS MÜNASİBƏTLƏRİ BÜTÜN SAHƏLƏRDƏ DİNAMİK İNKİŞAF EDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 9-da Azərbaycanın Minskdəki səfiri Əli Nağıyev Belarus Milli Məclisi Nümayəndələr Palatasının sədri Vadim Popov ilə görüşmüşdür.
V.Popov demişdir ki, Belarus və Azərbaycan arasında iqtisadi əməkdaşlıq genişlənir. Bunu qarşılıqlı əmtəə mübadiləsinin artım dinamikası da təsdiq edir.
Sədr bildirmişdir ki, ötən il həmin göstərici 2006-cı illə müqayisədə 2,5 dəfə artaraq, 89,7 milyon dollar təşkil etmişdir. V.Popov qeyd etmişdir ki, dövlətlərimiz arasında ikitərəfli müqavilə-hüquq baza fəaliyyət göstərir, iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində əlaqələri tənzimləyən 50-dən yuxarı saziş imzalanmışdır. Bundan əlavə, Belarusun və Azərbaycanın işgüzar dairələri müştərək müəssisələrin yaradılmasına maraq göstərirlər.
V.Popov vurğulamışdır ki, Azərbaycan parlamenti Belarusu beynəlxalq aləmdə, o cümlədən ATƏT-in Parlament Assambleyasında dəstəkləyir.
Səfir Əli Nağıyev bildirmişdir ki, Azərbaycan-Belarus münasibətləri xalqlarımızın mənafeləri naminə son vaxtlar intensiv inkişaf edir.
Azərbaycan diplomatı vurğulamışdır ki, dövlətlərimiz arasında perspektivli müştərək layihələr hazırlanır. Məsələn, Belarus Azərbaycanda neft yataqlarının işlənilməsində və neft çıxarılmasında iştirak edəcəkdir. Azərbaycan neftinin Belarus vasitəsilə Avropaya nəqli planlaşdırılır. Səfir əlavə etmişdir ki, həmin layihələr mürəkkəb və ləng prosesdir, lakin bu sahədə iş artıq aparılır.