Azərbaycan “Belarusda KİV” sərgisində uğurla təmsil olunmuşdur
Bakı, 12 may (AZƏRTAC). AZƏRTAC mayın 4-dən 7-dək Minskdə, “Belekspo” Milli Sərgi Mərkəzində keçirilmiş “Belarusda KİV” mövzusunda 15-ci beynəlxalq ixtisaslaşdırılmış sərgidə iştirak etmişdir.
Belarus İnformasiya, Xarici İşlər nazirlikləri, Minsk Şəhər İcraiyyə Komitəsi, Milli Dövlət Teleradio Şirkəti, Jurnalistlər İttifaqı, “Mətbuat evi”, Naşirlər və Mətbuat Yayıcıları İttifaqı və digər qurumlar tərəfindən təşkil olunmuş sərgiyə Azərbaycan, Rusiya, Ukrayna, Çin, Kuba, Venesuela, Hindistan və digər ölkələrin 600-dən çox kütləvi informasiya vasitəsinin ekspozisiyaları təqdim edilmişdi.
Cənubi Qafqaz ölkələrindən həmin sərgidə yalnız Azərbaycanın AZƏRTAC və Trend informasiya agentlikləri təmsil olunmuşdur.
Sərginin zəngin proqramına çoxsaylı görüşlər, seminarlar və təqdimat mərasimləri, o cümlədən “İnternet şəbəkəsində kütləvi informasiya vasitələri kontentinin genişlənməsi” mövzusunda seminar, “Böyük Vətən Müharibəsində qardaş xalqların igidliyi: nəsillərə nümunə”, “Diasporların dialoqu: tərəfdaşlıq yolları”, “Mətbu KİV-lərin effektivliyinin idarə edilməsi” mövzularında “dəyirmi masa”lar və digər tədbirlər daxil edilmişdi.
Ənənəyə görə, sərgi formatında “Zolotaya Litera” müsabiqəsinin qaliblərinin təbrik mərasimi keçirilmişdir. Bu il 25 nominasiya üzrə keçirilən müsabiqəyə 300-ə yaxın iddiaçı müraciət etmişdir.
“Azərbaycan KİV-ləri” stendi sərgiyə gələnlərin böyük marağına səbəb olmuşdur. AZƏRTAC onun bilavasitə iştirakı ilə buraxılmış kitabları, Azərbaycanın bugünkü reallıqlarını və uğurlarını əks etdirən fotoşəkilləri təqdim etmişdir. Bundan əlavə, sərgiyə gələnlərə Azərbaycan və AZƏRTAC haqqında kitabçalar paylanmışdır.
Sərgiyə gələnlər arasında Ermənistanın Belarusdakı səfirliyinin nümayəndələri də vardı. Onlar Azərbaycan pavilyonunun doğurduğu marağı görərək sərginin təşkilatçılarına şikayət etmişdilər. Sonradan məlum olmuşdur ki, Ermənistan səfirliyinin nümayəndələrinin narahatlığına səbəb görkəmli filosof alim, akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü” kitabı imiş. Bu kitabda erməni liderlərinin tarixi saxtalaşdırmaq, beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdləri tutarlı elmi dəlillərlə ifşa olunur, tarixi faktlar əsasında sübut edilir ki, erməni dövləti əzəli Azərbaycan torpaqlarında yaradılmışdır. Az sonra sərginin təşkilatçıları Azərbaycan stendinə yaxınlaşmış, Ermənistan səfirliyinin şikayətini əsas gətirərək həmin kitabın ekspozisiyadan çıxarılmasını xahiş etmişlər. Lakin təzyiqə baxmayaraq, həmin kitab Azərbaycan stendində qalmış və sərgiyə gələn minlərlə tamaşaçı onunla tanış olmaq imkanı əldə etmişdir.
Tədbirin sonunda Belarus informasiya nazirinin birinci müavini Liliya Ananiç informasiya əlaqələrinin genişləndirilməsinə və ölkələr arasında dostluğun möhkəmlənməsinə AZƏRTAC-ın verdiyi töhfəyə görə agentliyin nümayəndələrinə diplom təqdim etmişdir.
Bu sərgi Belarus və Azərbaycan KİV-ləri arasında əlaqələrin möhkəmlənməsi baxımından çox əhəmiyyətli tədbir idi. AZƏRTAC-ın əməkdaşları belaruslu həmkarları ilə qarşılıqlı münasibətləri daha da dərinləşdirmək məqsədi ilə bir sıra görüşlər keçirmişlər.
Belarus Teleqraf Agentliyinin (BELTA) baş direktoru Dmitri Juk və baş direktorun birinci müavini İqor Lutski ilə görüşdə agentliklər arasında ikitərəfli münasibətlərin və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulmuşdur.
Bundan əlavə, Belarus Teleqraf Agentliyinin dəstəyi ilə AZƏRTAC-ın əməkdaşları üçün bu ölkənin tarixi və mədəni yerlərinə səfər təşkil edilmişdir.
######
![]() |
![]() |

