Azərbaycan Belqraddakı xeyriyyə yarmarkasında iştirak edib
Belqrad, 18 noyabr, AZƏRTAC
Azərbaycanın Serbiyadakı səfirliyi 40 ölkədən üzvü olan Belqrad Beynəlxalq Qadınlar Klubu (IWC) qeyri-hökumət və qeyri-kommersiya təşkilatının keçirdiyi xeyriyyə yarmarkasında iştirak edib.
AZƏRTAC xəbər verir ki, bu il 19-cu dəfə keçirilən xeyriyyə yarmarkasındakı Azərbaycan stendində dövlət atributları, o cümlədən ölkəmizin mədəniyyətini və tarixini əks etdirən eksponatlar və suvenirlər, Azərbaycana aid kitablar və açıqcalar, milli geyimlər, mətbəx nümunələri, ənənəvi şirniyyatlar nümayiş etdirilib. Azərbaycan kəlağayısı ziyarətçilərin xüsusi marağına səbəb olub.
Serbiyanın ailə və demoqrafiya naziri xanım Dariya Kisiç Azərbaycan stendini ziyarət edib.
Xeyriyyə yarmarkasından əldə olunan gəlir Serbiyada COVID 19-la mübarizəyə xərclənəcək.
Qeyd edək ki, IWC-nin üzvləri Belqradda fəaliyyət göstərən diplomatik korpusdan və biznes icmalarından olan xanımlardır.
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad