Azərbaycan Beynəlxalq Qida sənayesi sərgisində 200-dən artıq eksponent iştirak edəcək
Bakı, 19 mart, AZƏRTAC
Mayın 15-dən 17-dək Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi (WorldFood Azerbaijan 2019) sərgisi nümayiş olunacaq.
Iteca Caspian şirkətindən AZƏRTAC-a bildiriblər ki, sərgi Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi və Iteca Caspian şirkətinin təşkilatçılığı ilə keçirilir.
WorldFood Azerbaijan 2019 sərgisində Litva, Rusiya, Ukrayna, Xorvatiya və digər ölkələri təmsil edən, qənnadı, süd, ət və quş əti məmulatları, şirələr, çay və qəhvə məhsulları, tütün, eləcə də meyvə-tərəvəz üçün avadanlıqlar, metal konstruksiyalar, nişanlama avadanlıqları və s. sahələrdə özlərinin ən son məhsul və xidmətlərini təqdim edən 200-dən artıq eksponentin iştirakı nəzərdə tutulub. Sərginin debütantı olan UAB Fleur Alpine şirkəti uşaq qidalarını təqdim edəcək. Belarus, İtaliya, Türkiyə, Şri-Lanka və Rusiyanın regional qruplarının isə tədbirdə milli stendləri nümayiş olunacaq.
Sərgi çərçivəsində, həmçinin yeni əlaqələrin qurulması və mövcud əlaqələrin gücləndirilməsi üçün əlavə platforma olan “B2B” formatlı ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub. Həmçinin WorldFood Azerbaijan 2019 sərgisində ilk dəfə olaraq Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək İctimai Birliyinin və chefs.az portalının təşkilati dəstəyi ilə “Chefs Cup” Aşpazlar çempionatı təşkil ediləcək.
Ölkəmizdə kulinariya sahəsində ilk dəfə olaraq genişmiqyaslı və parlaq müsabiqə təşkil olunacaq. Müsabiqə yerli qastronomiya sənayesinə töhfə verməklə yanaşı, onun səmərəli inkişafını da stimullaşdıracaq. Burada iştirak etmək müxtəlif kulinariya sahələrində fəaliyyət göstərən komandalara və ayrı-ayrı şəxslərə peşəkarlıq qabiliyyətlərini və istedadlarını, eləcə də bütün dünyada mehmanxana-restoran biznesi üzrə tədbirlər barəsində məlumatlı olmaq istəyini nümayiş etdirməyə imkan yaradacaq.
Sərgi haqqında ətraflı məlumatı, eləcə də elektron dəvətnaməni sərginin rəsmi saytından əldə etmək olar.