AZƏRBAYCAN CÜDOÇULARI DÜNYA KUBOKU TURNİRİNİN İLK GÜNÜ BİR QIZIL, İKİ GÜMÜŞ MEDAL QAZANMIŞLAR
Bakı, 10 oktyabr (AZƏRTAC). Oktyabrın 10-da Bakı İdman sarayında kişi cüdoçular arasında Dünya Kuboku uğrunda turnir başlamışdır.
Turnirin ilk günü Azərbayan idmançıları bir qızıl və iki gümüş medala sahib olmuşlar.
İdmançılarımız arasında ən yüksək nəticəni 66 kiloqram çəki dərəcəsində yarışan Tərlan Kərimov göstərmişdir. O, final görüşündə digər Azərbaycan cüdoçusu Sərxan Əhmədova qalib gəlmişdir.
S.Əhmədov bu çəki dərəcəsində ikinci yeri tutmuşdur. Komandamıza ikinci gümüş medalı isə Vüqar Şirinli (60 kq) gətirmişdir.
V.Şirinli birinci görüşündə üçqat Olimpiya çempionu yaponiyalı Nomura Tadahiro, daha sonra Amiran Papinaşvili (Gürcüstan) və Fransa təmsilçisi Julien Ottaviani üzərində qələbə qazanaraq finala yüksəlmişdir. Həlledici mərhələdə cüdoçumuz rusiyalı Robert Mşvidobadzeyə uduzaraq ikinci olmuşdur.
Qeyd edək ki, final görüşlərindən əvvəl turnirin təntənəli açılış mərasimi keçirilmişdir.
Tədbirdə çıxış edən Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, ölkəmizdə cüdo məktəbinin böyük ənənələrinin olduğunu vurğulamışlar. Bu yaxınlarda Yerevanda gənclər arasında Avropa çempionatında Azərbaycanı təmsil edən 5 cüdoçunun hamısının medal qazanması xüsusi vurğulanmışdır. Bildirilmişdir ki, Azərbaycanda cüdonun, ümumiyyətlə idmanın bütün növlərinin inkişafı üçün dövlət tərəfindən hər cür şərait yaradılmışdır.
Avropa Cüdo İttifaqının idman direktoru Mixal Vaçun iştirakçılara uğurlar arzulayaraq, yarışı yüksək səviyyədə təşkil etdiyi üçün Azərbaycan Cüdo Federasiyasına minnətdarlığını bildirmişdir.
Yarışın ilk günündən sonra Azərbaycan yığması komanda hesabında qazanılan medalların sayına görə birinci yerdədir. Gürcüstan (bir qızıl, bir gümüş və bir bürünc) ikinci, Rusiya (bir qızıl) yığması isə isə üçüncü yerdə qərarlaşmışlar.
Yarışın ikinci günü tatami üzərinə 81, 90, 100 kiloqram və 100 kiloqramdan yuxarı çəki dərəcələrində yarışan idmançılar çıxacaqlar.
Xatırladaq ki, dünya kuboku uğrunda turnirdə iştirak etmək üçün Bakıya Polşa, Rusiya, Fransa, Gürcüstan, İsrail, Portuqaliya, Türkiyə, Yunanıstan, Yaponiya, Özbəkistan, Norveç, Ukrayna və Belarusdan 100-dək idmançı gəlmişdir.
######
![]() |
![]() |

