Azərbaycan Dillər Universitetində meksikalıların ənənəvi bayramı qeyd olunub
Bakı, 2 noyabr, AZƏRTAC
Noyabrın 2-də Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəbin İspan dili Mərkəzinin təşkilatçılığı ilə Meksikanın “Ölülər günü” bayramı ilə əlaqədar tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini bayramın yaranmasının tarixi kökləri haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Səfir deyib: “Hər il noyabrın 2-də meksikalılar bu bayramı böyük təmtəraqla qeyd edirlər. Bu gün hər bir meksikalının evində dünyasını dəyişən insanların şərəfinə süfrə açılır, onların sevdikləri musiqi səsləndirilir. Bu minvalla biz ölülərin ruhunu hiss etməyə çalışırıq. Onların bizdən məmnun qalmaları üçün sevdikləri yeməkləri süfrəyə düzürük, şən olmağa çalışırıq, ruhlarının bizdən inciməməsi üçün əlimizdən gələni edirik. Biz dünyadan köçən yaxınlarımızı unutmadığımızı bu bayramda onlara xatırladırıq”.
İnteraktiv şəkildə keçən tədbirdə səfir tələbələri maraqlandıran sualları cavablandırıb.
Tədbirdə “Ölülər günü”nə aid qısametrajlı film nümayiş olunub.
ADU-da “Ölülər günü” bayramı münasibətilə stend qurulub. Stenddə bayramın xüsusiyyətlərini özündə əks etdirən şirniyyatlar və digər nümunələr təqdim olunub.