Azərbaycan Diplomatik Akademiyasında tullantıların çeşidlənmiş şəkildə toplanması ilə bağlı layihə təqdim edilmişdir
Bakı, 25 sentyabr (AZƏRTAC). Sentyabrın 25-də Azərbaycan Diplomatik Akademiyasında “Təmiz Şəhər” ASC tərəfindən bərk məişət tullantılarının çeşidlənmiş şəkildə yığılması və daşınması üzrə layihənin təqdimatı olmuşdur.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, təqdimat mərasimində Azərbaycan Diplomatik Akademiyasının tullantıların çeşidlənmiş şəkildə toplanması və daşınması işlərini həyata keçirən ilk ali təhsil müəssisəsi olduğu diqqətə çatdırılmışdır.
Qeyd edilmişdir ki, layihənin əsas məqsədi tələbələrə tullantıların çeşidlənmiş şəkildə toplanması və “yaşıl düşüncə” prinsipinin aşılanmasıdır. Layihə çərçivəsində tədris müəssisəsində tullantıların üç növü - içki qabları, kağız və karton və qarışıq tullantılar üzrə müxtəlif işarəli konteynerlər quraşdırılmış, təşviqat materialları hazırlanmışdır.
Tədbirdə “Təmiz Şəhər” ASC-nin şöbə müdiri Oqtay Məmmədov layihənin mahiyyətini və məqsədlərini tələbələrə izah etmiş, eləcə də tullantıların idarə edilməsi sahəsində görüləcək işlər barədə danışmışdır.
Təqdimatın sonunda tələbələrin sualları cavablandırılmışdır.
Tələbələrin diqqətini tullantıların çeşidlənməsi prosesinə yönəltmək və bu prosesdə onların iştirakını təmin etmək məqsədi ilə bu cür tədbirlərin mütəmadi keçirilməsi planlaşdırılır.