AZƏRBAYCAN DÖVLƏT NEFT ŞİRKƏTİNİN RƏHBƏRLƏRİ LONDONDA Bİ-Pİ ŞİRKƏTİNİN OFİSİNDƏ GÖRÜŞ KEÇİRMİŞLƏR
Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev və ARDNŞ-in birinci vitse prezidenti İlham Əliyev dekabrın 6-da Londonda Bi-Pi-nin ofisində şirkətin İdarəetmə qrupunun direktoru cənab Riçard Olver ilə görüşmüşlər.
Ölkəmizin Böyük Britaniyadakı səfirliyindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, görüşdə Bi-Pi-nin Azərbaycandakı layihələrinin vəziyyəti və həyata keçirilməsinin gedişi, “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənilməsinin cari vəziyyəti və inkişaf perspektivləri, Şahdəniz layihəsinə sanksiya verilməsinin sürətləndirilməsi məsələləri, habelə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Bakı-Ərzurum qaz kəmərinin tikintisinə dair görülən tədbirlər müzakirə olunmuşdur.
Cənab Riçard Olver Azərbaycanda enerji layihələrinin həyata keçirilməsi ilə bağlı görülən işlərin nəticələrindən məmnun olduğunu söyləmiş, etibarlı və təhlükəsiz Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılmasına dair problemlərin həllində Azərbaycan Dövlət Neft Şirkətinin və Bi-Pi-nin birgə əməkdaşlığının səmərəliliyini vurğulamışdır. O, Qazaxıstan neftinin Aktau-Bakı-Tbilisi-Ceyhan marşrutu ilə nəql edilməsi barədə Londonda Azərbaycan və Qazaxıstan arasında aparılmış danışıqların nəticələrini yüksək qiymətləndirmişdir.
Riçard Olver təbii qazın hasilatı və dünya bazarlarına ixracı sahəsində Azərbaycanın potensial imkanlarını da yüksək dəyərləndirmişdir. Bu baxımdan o, Yunanıstana və oradan Mərkəzi Avropaya təbii qaz göndərilməsi haqqında ARDNŞ-in həmin ölkənin hökuməti ilə aparacağı danışıqların əhəmiyyətini xüsusi vurğulamışdır.
Görüşdə ARDNŞ ilə Bi-Pi arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri, habelə Xəzər regionunda karbohidrogen ehtiyatlarının işlənilməsi sahəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.