CƏMİYYƏT
Azərbaycan dövləti hər zaman Gürcüstanda yaşayan soydaşlarımıza diqqət və qayğı göstərib
Tbilisi, 3 dekabr, AZƏRTAC
Azərbaycan dövləti hər zaman Gürcüstanda yaşayan soydaşlarımıza diqqət və qayğı göstərib. Gürcüstanda yaşayan gözdən əlil və fiziki məhdudiyyətli şəxslər də bu diqqətdən kənarda qalmayıb və onlara da hər cür qayğı göstərilir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər 3 dekabr - Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Gürcüstanın Qardabani rayonunda keçirilən tədbirdə səslənib.
Tədbirin təşkilatçısı, Gürcüstanda fəaliyyəti göstərən “Loğman” Tibb Mərkəzinin direktoru Elcan Abdullayev bildirib ki, bu gün dünyanın bütün ölkələrində olduğu kimi, Gürcüstanda da Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü qeyd olunur. Fiziki məhdudiyyətli əlil insanlara dövlət və qeyri-hökumət təşkilatları tərəfindən yardım edilir, qayğı göstərilir. “Loğman” Tibb Mərkəzi də “Gürcüstanın Azərbaycanlı Əlillər Assosiasiyası”nın üzvlərini bir araya toplayıb, onlara yardım edir.
Onun sözlərinə görə, bu günədək Azərbaycan dövləti tərəfindən Gürcüstandakı əlil soydaşlarımıza qayğı göstərilib. Lakin bu təbəqədən olan insanlara yalnız dövlət qayğı göstərməməlidir. QHT-lər də bu istiqamətdə müəyyən işlər görməlidir. “Loğman” Tibb Mərkəzi də bu məqsədlə xüsusi qayğıya ehtiyacı olan insanlara yardım edir.
“Gürcüstan Azərbaycanlı Əlillər Assosiasiyası”nın sədri Rövşən Əliyev çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə cəmiyyətin üzvlərinə dəfələrlə yardım edildiyini qeyd edib. SOCAR-ın Gürcüstan nümayəndəliyi tərəfindən gözdən əlil və fiziki məhdudiyyətli digər şəxslərə əlil arabaları, xüsusi tibbi avadanlıq və dərman ləvazimatlarının verildiyini vurğulayıb.
Bolnisi rayonunun Faxralı kəndindən olan Əhmədalı Babayev və başqaları çıxış edərək Azərbaycan dövləti və “Loğman” Tibb Mərkəzinin xətti ilə onlara göstərilən diqqət və qayğıya görə hər kəsə minnətdarlıq ediblər.
Sonda əlillər üçün süfrə açılıb, onlara müxtəlif tibbi ləvazimat və avadanlıq hədiyyə olunub.
Tbilisi