Azərbaycan dövləti ölkəmizdə teatrların inkişafına hər zaman böyük diqqət və qayğı ilə yanaşır
Bakı, 9 noyabr (AZƏRTAC). Azərbaycan dövləti ölkəmizdə teatrların inkişafına böyük diqqət və qayğı ilə yanaşır. Paytaxt Bakıda növbəti dəfə təşkil edilən “Cırtdan” II Bakı Beynəlxalq kukla teatrları festivalı buna bariz nümunədir. Festivalda 8 ölkədən 12 kukla teatrlarının kollektivi iştirak edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev “Cırtdan” II Bakı Beynəlxalq kukla teatrları festivalına həsr olunmuş mətbuat konfransında söyləmişdir.
Vurğulanmışdır ki, noyabrın 16-dək davam edəcək festival Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyası və Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının birgə təşkilatçılığı reallaşmışdır.
Nazir müavini bildirilmişdir ki, son illərdə uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında yeni mərhələ başlanmışdır. Bu inkişaf ilk növbədə özünü teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir.
Qeyd edilmişdir ki, 2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilmişdir.
Prezident İlham Əliyev 2007-ci ildə teatr sənəti ilə bağlı “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalamış, 2009-cu il mayın 18-də isə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq etmişdir.
Ötən illər ərzində respublika teatrları dünyanın 50-dən artıq ölkəsində keçirilən beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil etmişlər.
Eyni zamanda, xarici dövlətlərdən tanınmış rejissorlar, baletmeysterlər xoreoqraflar, teatr rəssamları tamaşa hazırlamaq üçün Azərbaycana dəvət olunmuşlar.
Diqqətə çatdırılmışdır ki, Dövlət Proqramına uyğun olaraq keçirilən beynəlxalq festival bu ildən etibarən xalq nağıllarımızın qəhrəmanı Cırtdanın adını daşıyır.
Nazir müavini vurğulamışdır ki, 2014-cü ildə Bakıda UNESCO-nun nəzdində fəaliyyət göstərən Beynəlxalq Teatr İnstitutunun növbəti konfransı keçiriləcəkdir.
Sonra UNİMA-nın prezidenti Dadi Padamci, qurumun baş katibi Jak Trüdo, Beynəlxalq Teatr İnstitutunun Yaxın Şərq ölkələri üzrə əlaqələndiricisi İbrahim Assiri və başqaları çıxış edərək ölkələrin bir-birini tanıması, tamaşaçıların başqa dövlətlərin mədəniyyətləri ilə tanış olması baxımından belə bir festivalın keçirilməsini böyük hadisə adlandırmışdır. Bu festival müxtəlif ölkələrin kukla teatrları kollektivləri arasında qardaşlıq və dostluq körpüsü formalaşdıracaqdır.
Bakıda olmalarından məmnunluqlarını ifadə edən qonaqlar Azərbaycanı mədəniyyət paytaxtı adlandırmışlar.
Natiqlər həmçinin festival çərçivəsində Bakıda keçiriləcək UNİMA-nın icraiyyə komitəsinin toplantısında müzakirə olunacaq məsələlərə də toxunmuşlar.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.