AZƏRBAYCAN ƏRAZİLƏRİNİ İŞĞAL ALTINDA SAXLAMAQ ERMƏNİSTANIN ZİYANINADIR
Həmsədrlərin dövlətimizin başçısı İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşdüklərini bildirən A.Əzimov, danışıqlarda Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçirilməsi nəzərdə tutulan görüşünə hazırlıq məsələlərinin müzakirə edildiyini demişdir. Ölkəmizin münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycan Konstitusiyasına uyğun həllinə tərəfdar olduğu diqqətə çatdırılmışdır. Bu məsələdə başqa variantlar qəbul edilə bilməz.
Son vaxtlar beynəlxalq ictimaiyyətin münaqişənin həllinə marağının çoxaldığını qeyd edən nazir müavini, tərəflərin mövqeyində ziddiyyətlərin olduğunu bildirmişdir. A.Əzimov Azərbaycan ərazilərini işğal altında saxlamağın Ermənsitana fayda vermədiyini, bunun təcavüzkar üçün siyasi, iqtisadi və digər cəhətlərdən ağır yük olduğunu demişdir.
Münaqişənin həlli məsələsində cəmiyyətimizdəki narahatlığın əsassız olduğunu bildirən nazir müavini qeyd etmişdir ki, bu cür şayiələrin yayılmasında bəzi şəxslər və siyasi qüvvələr maraqlıdır. Cəmiyyətimiz əmin olmalıdır ki, dövlətimizin başçısı İlham Əliyev danışıqlarda Azərbaycanın maraqlarını və Konstitusiyasını əsas götürür.