REGİONLAR
Azərbaycan əsgərinin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq hər birimizdə sonsuz iftixar hissi doğurur
Masallı, 30 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının təşkilatçılığı ilə Zəfər Gününün ildönümünə həsr olunmuş “Dəmir yumruq yerindədir!” mövzusunda tədbir keçirilib. Tədbirdə Vətən müharibəsi iştirakçıları, o cümlədən döyüşlərdə iştirak etmiş Masallı Dövlət Regional Kollecinin tələbələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Seyfəddin Əliyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışaraq, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu söyləyib.
Masallı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon təşkilatının sədri Nahid Rəhimov, Vətən müharibəsi iştirakçılarından Cəmaləddin Məmmədov, Təbriz Səfərov, Cavid Nuri və başqaları çıxış edərək Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən Masallıdan olan döyüşçülərin qəhrəmanlıqlarından danışıblar.
Sonda Vətən müharibəsi iştirakçılarından bir qrupuna Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.