Azərbaycan Gəncləri Günü münasibətilə FHN Akademiyasında tədbir keçirilib
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 30-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə bayram tədbiri keçirilib.
FHN-dən AZƏRTAC bildiriblər ki, Akademiyanın rəisi, general-mayor Baba Salayev tədbirdə çıxış edərək bayram münasibətilə gənclərə təbriklərini çatdırıb. O, bu bayramın ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək deyib ki, 1996-cı il fevralın 2-də Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan gənclərinin birinci forumu keçirilib. Akademiyanın rəisi deyib ki, ötən müddətdə gənc nəslin düzgün yetişdirilməsi istiqamətində mühüm işlər görülüb, Ümummilli Liderin arzuladığı sağlam, vətənpərvər, intellektli gənclik formalaşıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu sahədə mühüm uğurların əldə olunmasına şərait yaradıb.
B.Salayev vurğulayıb ki, hazırda gənclərin milli-mənəvi, vətənpərvərlik ruhda tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait dövlətimizin başçısının diqqət və qayğısının bariz nümunəsidir. Əminliklə deyə bilərik ki, gənclərimiz Prezident İlham Əliyevin yürütdüyü siyasi kursu alqışlayır, müdafiə edir və bu siyasətin uğurla davam etdirilməsində, ölkəmizin inkişafı üçün daim dövlətimizin başçısının yanındadırlar.
Akademiyanın rəis müavini, polkovnik Aslan Hüseynov xidmətdə fərqlənən gənc əməkdaşların həvəsləndirilməsi tədbirləri haqqında bu təhsil ocağının rəisinin müvafiq əmri barədə məlumat verib.
Tədbir konsert proqramı ilə davam etdirilib.