Azərbaycan güləşçiləri hərbçilərin VI dünya idman oyunlarında üç medal qazanıblar
Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycan güləşçiləri Koreyanın Munqyeonq şəhərində keçirilən hərbçilərin VI dünya idman oyunlarında 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, artıq başa çatan güləş yarışlarında ölkəmizi Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma güləşi üzrə komandası təmsil edib.
Güləş yarışlarının sonuncu günündə 66, 75, 85 və 130 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar. Yarışda Soltan İsmayılov (85 kq) ilk görüşdə iranlı Davud Əkbərini (9:1) məğlub etsə də, ikinci görüşdə sonuncu dünya çempionatının qalibi ukraynalı Jan Beleniuka uduzub. Rəqibin finala çıxması ilə güləşçimiz bürünc medal şansı əldə edib. Əvvəlcə Yunanıstan güləşçisi İlias Boukini təmiz qələbə ilə (5:0) üstələyən Soltan İsmayılov bürünc medala bir addım da yaxınlaşıb. Həlledici görüşdə Rusiya təmsilçisi Aleksey Mışinə məğlub olan güləşçimiz oyunları beşinci sırada tamamlayıb.
Bu mühüm turnirdə iştirak edən güləşçilərimizin aktivində 1 qızıl, 1 gümüş və 1 bürünc medal var.
Yunan-Roma güləşi üzrə mübarizə aparan Rafiq Hüseynov (80 kq) qızıl, sərbəst güləş yarışlarında iştirak edən Coşqun Əzimov (70 kq) gümüş və Ağahüseyn Mustafayev (65 kq) bürünc medal qazanıblar.