CƏMİYYƏT
Azərbaycan-Gürcüstan FM radiosu Gürcüstanın bütün ərazilərində yayımlanacaq

Tbilisi, 21 sentyabr, AZƏRTAC
Hazırda Marneuli, Bolnisi, Dmanisi, Tetriskaro ərazisində 101,5 FM, Rustavi, Qardabani, Tbilisi ərazisində isə 100,6 FM radio dalğalarında yayımlanan Azərbaycan-Gürcüstan FM (AGFM) radiosunun yaxın gələcəkdə bütün Gürcüstan ərazisində yayımlanması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevin “Promedia Group” MMC-nin (PMG) direktoru Cavid Neymətzadə ilə görüşündə səslənib.
Görüş zamanı Gürcüstan ərazisində Azərbaycan və gürcü dillərində yayımlanan AG FM (Azerbaijan & Georgian FM) radiostansiyasının fəaliyyəti müzakirə olunub.
C.Neymətzadə deyib ki, AG FM-in fəaliyyətinin gücləndirilməsi üçün yaxın zamanda radiostansiyanın heyəti daha peşəkar komanda ilə əvəz olunacaq.
Səfir Faiq Quliyev AG FM-in fəaliyyətinin təkmilləşdirilməsinin vacibliyini qeyd edib, radionun tezliklə Azərbaycanla Gürcüstan arasında dostluq simvolluna çevriləcəyinə ümidvar olduğunu vurğulayıb.
Bildirib ki, Azərbaycan-Gürcüstan radiosunun yeni müasir formatda fəaliyyətini bərpa etməsi Gürcüstanda yaşayan soydaşlarımıza da böyük hədiyyə olacaqdır.
Qeyd edək ki, Gürcüstanda yaşayan soydaşlarımıza müxtəlif dövrlərin seçmə Azərbaycan və gürcü musiqilərini təqdim edən AG FM 2014-cü il oktyabrın 9-da təsis edilib. 2023-cü ildən etibarən isə radiostansiyanın idarəetməsi “Promedia Group Georgia” şirkətinə həvalə olunub.
“Promedia Group Georgia” şirkəti Azərbaycanın Avto FM (107.7 FM), Radiospace FM (104 FM), Baku Hit FM (97.7 FM), Baku Retro FM (93.3 FM) radiostansiyalarını idarə edən “Promedia Group” MMC-nin (PMG) Gürcüstandakı törəmə şirkətidir. PMG-nin əsas fəaliyyət növünə FM radioların yaradılması, idarə edilməsi, radio reklam, radio “jingle”ların, ssenarinin yazılması, radio verilişlərin istehsalı daxildir.
AG FM rəsmi olaraq PMG şirkətinin nəzdində fəaliyyətinə 2023-cü ilin oktyabr ayından etibarən başlayacaq.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi