“AZƏRBAYCAN HAVA YOLLARI” DÖVLƏT KONSERNİ “İNTERCONTİNENTAL HOTELS QROUP” İLƏ MEMORANDUM İMZALAMIŞDIR
Cahangir Əsgərov imzalanma mərasimində bildirmişdir ki, Britaniyanın məşhur şirkəti rəhbərliyinin ölkəmizlə əməkdaşlığa məhz “Azərbaycan Hava Yolları” ilə başlamasını alqışlayır. Prezident İlham Əliyevin regionların inkişafına dair uğurla həyata keçirdiyi siyasət sayəsində hazırda konsern Lənkəranda, Gəncədə, Zaqatalada yeni hava limanları tikir, Naxçıvan hava limanının tikintisi başa çatdırılmışdır. Biz bu hava limanlarında da belə mehmanxanalar tikmək niyyətindəyik və bu obyektlər insanlara dünya standartlarına uyğun, yüksək səviyyəli xidmət göstərməlidir.
Piter Vermeyer demişdir ki, onun şirkəti Azərbaycanla əməkdaşlığı və bunun “Azərbaycan Hava Yolları” kimi nüfuzlu tərəfdaşla başlanmasını yüksək qiymətləndirir. Şirkət mehmanxanada çalışmaq üçün yerli vətəndaşların arasından peşəkar işçilər hazırlayacaqdır.
Mərasimdə çıxış edən Böyük Britaniyanın ölkəmizdəki səfiri Lorens Bristoun bildirmişdir ki, mehmanxana istifadəyə verildikdən sonra Avropa ilə Şərq arasında körpü olan Heydər Əliyev adına beynəlxalq hava limanının əhəmiyyəti daha da artmışdır. Bu, həm də Azərbaycanda qeyri-neft sektorunun inkişafının göstəricisidir. Konsern bu sahənin liderlərindən biridir. Səfir vurğulamışdır ki, Böyük Britaniya Azərbaycanın qeyri-neft sektorunun inkişafında maraqlıdır.
Azərbaycanın “Silk Way” özəl şirkətinin sifarişi ilə tikilən “Holiday inn” mehmanxanası Heydər Əliyev adına beynəlxalq hava limanına gələn qonaqlara, tranzit sərnişinlərə, ölkəmizin vətəndaşlarına xidmət göstərəcəkdir. Yeni mehmanxanada 194 nömrə, 8 VIP, 1 prezident-lyuks nömrəsi və əlillər üçün 4 otaq olacaqdır. Tikintinin bu il sentyabrın əvvəlində başa çatdırılması nəzərdə tutulmuşdur.