AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASINDA GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, iyulun 10-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ölkəmizdə səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Subregional Bürosunun direktoru xanım Eleyn Fultzın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
AHİK sədri respublikamızda həyata keçirilən quruculuq işləri, iqtisadi islahatlar, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat vermişdir.
Həmkarlar ittifaqlarının tarixindən söz açan S.Mehbalıyev bildirmişdir ki, zəngin ənənələrə malik Azərbaycan həmkarlar hərəkatı bir sıra mərhələlərdən keçmişdir. 1905-ci ilin oktyabrında Bakıda fəhlə və qulluqçuların ilk həmkarlar ittifaqlarının yaradılması ilə başlayan bu hərəkat, tezliklə geniş vüsət alaraq əsas istehsal, nəqliyyat və xidmət sahələrini əhatə etmişdir. Həmin dövrdə həmkarlar ittifaqları əmək hüquqlarının əsil müdafiəçisi kimi çıxış edərək, iş şəraitinin yaxşılaşdırılmasında, sosial-məişət problemlərinin həllində mühüm uğurlara nail olmuşlar.
Məlumat verilmişdir ki, sovet hakimiyyəti illərində həmkarlar ittifaqları əslində siyasi-ideoloji və idarəçilik sisteminin mühüm tərkib hissələrindən biri idi. Ölkədə həyata keçirilən bütün quruculuq və maarifçilik işlərində həmkarlar ittifaqları yaxından iştirak etmiş, bir çox hallarda isə bu tədbirlərin əsas təşkilatçıları və icraçıları olmuşlar.
İlk kollektiv müqavilə - “Mazut Konstitusiyası” neft sahibkarları ilə işçilər arasında XIX əsrin əvvəllərində məhz Bakıda imzalanmışdır. Bu ənənəni davam etdirən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hər il Nazirlər Kabineti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Baş Kollektiv Sazişi imzalayır. Sazişdə işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsi əsas yer tutur. Sənəddən irəli gələn tələblərin yerinə yetirilməsi vaxtaşırı təhlil edilir, həmkarlar ittifaqı üzvlərinə və tərəfdaşlara çatdırılır.
Həmkarlar ittifaqlarının 1 milyon 600 min insanı birləşdirdiyini deyən S.Mehbalıyev vurğulamışdır ki, Azərbaycanda əmək hüquqlarının qorunmasında, işçilərin sosial məsələlərinin həllində həmkarlar ittifaqlarının çox mühüm rolu vardır.
Ulu öndər Heydər Əliyevin bu quruma öz missiyasını yerinə yetirmək üçün hərtərəfli şərait yaratdığını bildirən AHİK sədri demişdir ki, məhz ümummilli liderin şəxsi təşəbbüsü ilə 1994-cü ildə qəbul olunmuş “Həmkarlar ittifaqları haqqında” Qanun həmkarlar ittifaqları üzvlərinin əmək hüquqlarının daha mütəşəkkil qorunması, onların sosial və digər problemlərinin həlli üçün möhkəm hüquqi baza yaratmışdır.
Bildirilmişdir ki, AHİK indiyədək 29 ölkənin 34 həmkarlar ittifaqı təşkilatı ilə birbaşa əlaqələr qurmuş, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvü kimi 168 mərkəz ilə fəaliyyətini əlaqələndirmişdir.
AHİK ilə BƏT-in qarşılıqlı əlaqələrindən söz açan S.Mehbalıyev demişdir ki, sosial tərəfdaşlar tərəfindən layiqli əməyin təminatı Azərbaycanda iqtisadi və sosial siyasətin ən əsas məqsədlərindən biridir. BƏT-in mandatı ilə bağlı sahələrdə ölkədəki vəziyyət, prioritetlər nəzərə alınmaqla müəyyənləşdirilmiş, iqtisadi və sosial siyasətin əsas tərkib hissəsi kimi məşğulluq problemləri ön plana çəkilmişdir. Beləliklə, BƏT ilə əməkdaşlıq çərçivəsində 2006-2009-cu illər üçün Layiqli Əməyin Təminatı üzrə Ölkə Proqramı əsasında işlənilmiş icra planının yerinə yetirilməsi ilə bağlı AHİK tərəfindən məşğulluq strategiyasının icrası və gənclər arasında məşğulluğun artırılması siyasətinin təkmilləşdirilməsi, layiqli iş yerlərinin yaradılmasına dəstək, sosial dialoqu gücləndirmək, beynəlxalq əmək standartlarının icrasının yeniləşdirilməsi kimi məsələlərə xüsusi diqqət yetirilmişdir.
AHİK sədri bu münasibətlərin gələcəkdə də inkişaf etdiriləcəyinə əminliyini vurğulamışdır.
BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə Subregional Bürosunun direktoru xanım Eleyn Fultz AHİK-BƏT münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə, eyni zamanda, yaranmış işgüzar əlaqələrin daha da genişlənəcəyinə əminliyini bildirmişdir. E.Fultz vurğulamışdır ki, işçilərin sosial hüquqlarının qorunmasında BƏT-də maraqlıdır və bu istiqamətdə məqsədyönlü iş aparır.
Görüşdə geniş fikir mübadiləsi aparılmışdır.
######
