Azərbaycan İdman Jurnalistləri Assosiasiyası 2020-ci ilin idman laureatlarını mükafatlandırıb
Bakı, 30 dekabr, AZƏRTAC
Dekabrın 30-da Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 2020-ci ilin idman laureatlarını mükafatlandırıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AİJA-nın prezidenti Eldar İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətlər barədə məlumat verib. AİJA-nın fəaliyyətindən söz açan E.İsmayılov bildirib ki, 1995-ci ildə yaradılan qurum Beynəlxalq İdman Mətbuatı Assosiasiyasında (AIPS) ölkəmizi uğurla təmsil edir. Assosiasiya 1996-cı ildən başlayaraq, idman mətbuatı və jurnalistləri arasında fərqlənənləri təltif edir.
Sonra qaliblərə mükafatlar təqdim olunub.
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilin idmanı ən yaxşı işıqlandıran informasiya agentliyi elan olunub.
Anar Şabanoğlu (müstəqil jurnalist) ilin idman jurnalisti, İlkin Xəlilov (Fikrətoğlu, ATV) ilin idman telejurnalisti, Əminə Kazımova (“CBC Sport”) ilin teleaparıcısı, Rüstəm Əfsərli (“CBC Sport”) ilin teleşərhçisi, İlkin Baba (Azərbaycan Radiosu) ilin radio jurnalisti, Elmar Abdullazadə (“Zirə” Futbol Klubu) ilin mətbuat katibi, Rüstəm Fərman İsmayılov (azpress.az) ilin idman fotoreportyoru, İTV ilin idman telekanalı, Azərbaycan Radiosu ilin idman radiosu, “Futbol+” ilin idman qəzeti, Qol.Az ilin idman saytı, “Şuşali laynsman Tofiq Bəhramov” (müəllif Əbülqasım Novruzov, Bakı - 2020, “Avropa” nəşriyyatı) ilin idman kitabı, Fariz Nəcəfov (“Qəbələ” futbol klubunun prezidenti, Vətən müharibəsinin könüllü iştirakçısı) ilin idman xadimi seçiliblər.
İlin idmançısı adına qadınlar arasında İrina Kindzerska (cüdo, Avropa çempionatı, gümüş medal), Zöhrə Ağamirova (bədii gimnast, Avropa çempionatının finalçısı), İrina Zaretska (karate, beynəlxalq turnirin qalibi), kişilər arasında Orxan Səfərov (cüdo, Avropa çempionu), Tayfur Əliyev (boks, olimpiadaya lisenziya qazanıb), İslambek Dodo (güləş, fərdi dünya kuboku, gümüş medal) layiq görülüblər. Bədii gimnastika üzrə milli komanda (Avropa çempionatı, gümüş medal) ilin komandası, Mariana Vasileva (bədii gimnastika, millinin baş məşqçisi) ilin məşqçisi nominasiyasında qalib olublar.
Türkiyənin Başakşəhər Fatih Terim stadionu ilin idman qurğusu seçilib.