İDMAN
Azərbaycan idmançıları İstanbulda keçirilən yunan-Roma güləşi turnirində 1 qızıl və 2 bürünc medal qazanmışlar
İstanbul, 4 fevral (AZƏRTAC). Azərbaycan idmançıları İstanbulda 12 ölkədən 120 güləşçinin iştirakı ilə keçirilən 31-ci Beynəlxalq Vəhbi Əmrə yunan-Roma güləşi turnirində 1 qızıl və 2 bürünc medal qazanmışlar.
Turnirin ilk günü 66 kiloqram çəki dərəcəsində iranlı Məhəmməd Kərimini məğlub edən azərbaycanlı Rəsul Çunayev qızıl medal qazanmışdır. Həmin çəki dərəcəsində ölkəmizi təmsil edən Vitali Rəhimov turniri bürünc medalla başa vurmuşdur.
Digər güləşçimiz - 74 kiloqram çəki dərəcəsində yarışan Niyaməddin İbrahimov Rusiya Federasiyasını təmsil edən Qarik Babayanı məğlub edərək bürünc medala sahib olmuşdur.
Turnirdə komanda hesabında Türkiyə birinci, Rusiya Federasiyası isə ikinci yeri tutmuşdur. Azərbaycan yığma komandası turniri beşinci yerdə başa vurmuşdur.
Görüşlərin idarə olunmasında həmyerlimiz beynəlxalq dərəcəli hakim Asif Şirəliyev ölkəmizi təmsil etmişdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul