REGİONLAR
Naxçıvanda məhkum valideynlərlə uşaqların görüşü təşkil olunub
Naxçıvan, 1 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İnsan hüquqları ayı (18 may-18 iyun) çərçivəsində cəzaçəkmə müəssisəsində məhkum valideynlərlə uşaqların görüşü keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Təşkilat-nəzarət şöbəsinin rəisi ədliyyə polkovnik-leytenantı Əli Rəhimov bayram münasibətilə uşaqları və onların valideynlərini təbrik edib. Şöbə rəisi Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu uşaq siyasətini dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uğurla davam etdirdiyini vurğulayıb, dövlətimiz tərəfindən uşaqlara göstərilən diqqət və qayğıdan, azad olunmuş torpaqlarımızda uşaqlarımızı nəzərə alaraq ilk növbədə məktəb və uşaq bağçalarının, idman meydançalarının tikilməsindən danışıb.
Sonra Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin “Araz” ansamblı konsert proqramı ilə çıxış edib, Naxçıvan Dövlət Kukla teatrının şən klounları tədbiri uşaqlar üçün əyləncəli və yaddaqalan ediblər. Uşaqların yaradıcı potensialının, şəkil çəkmək bacarıqlarını nümayiş etdirmələri üçün onlara rəngli qələmlər və albomlar verilib, azyaşlılar valideynləri ilə birlikdə rəsm çəkiblər.
Sonda Penitensiar xidmətin rəhbərliyi tərəfindən uşaqlara bayram münasibətilə müxtəlif hədiyyələr verilib.
Qeyd edək ki, qadın məhkumlara uzaqda olan uşaqları ilə videogörüntü vasitəsilə əlaqə saxlamaq şəraiti də yaradılıb, onlar öz övladlarının bayramını təbrik ediblər.
Tədbirdə 12 məhkum və 14 uşaq iştirak edib.