REGİONLAR
Neftçalada “Yaşıl həyat uşaqların gözü ilə” adlı bayram şənliyi təşkil olunub
Neftçala, 1 iyun, Aydın Yavərzadə AZƏRTAC.
Neftçalada “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə “Yaşıl həyat uşaqların gözü ilə” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir çərçivəsində məktəblilərin hazırladıqları rəsm əsərlərinə, idman nömrələrinə və digər sərgilərə baxış keçirilib.
Mərasimdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Çıxış edənlər uşaqları təbrik edib və onlara sağlam həyat, uğurlar arzulayıblar.
Qeyd edilib ki, "Uşaqlar bizim gələcəyimizdir” - deyən Ulu Öndər Heydər Əliyevin uşaqlara olan diqqət və qayğısı, dövlət- uşaq siyasəti hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Tədbir Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbinin və məktəb şagirdlərinin, körpələr- evi uşaq bağçaları azyaşlılarının hazırladıqları kompozisiyalar ilə davam edib. Şən klounların və müxtəlif nağıl personajlarının iştirakı ilə təqdim olunan şou-proqram azyaşlıların sevincinə səbəb olub. Daha sonra fəallığı ilə fərqlənən bir qrup məktəbli təşəkkürnamələrlə təltif olunub və azyaşlılara hədiyyələr təqdim edilib.