İDMAN
Azərbaycan idmançıları para-taekvondo üzrə dünya çempionatında 12 medal qazanmışlar
Bakı, 10 iyun (AZƏRTAC). İsveçrənin Lozanna şəhərində keçirilən para-taekvondo üzrə dördüncü dünya çempionatı başa çatmışdır.
Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, çempionat komandamız üçün uğurlu olmuşdur.
Baş məşqçi, Əməkdar Məşqçi Əvəz Tağıyevin və böyük məşqçi Yaşar Səfərovun rəhbərliyi altında 15 idmançı ilə yarışa qatılan milli komandamız 12 medalla Vətənə dönmüşdür.
Belə ki, ötən ilin dünya çempionatının qalibi olan Vüsal İsmayılov (80 kq) və Röyalə Fətəliyeva (49 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsün ən yüksək pilləsinə qalxmışlar.
Namiq Abbasov (58 kq), Anar Hüseynov (68 kq), Cahangir Bayramov (80 kq-dan yuxarı), Rövşən Qəhrəmanlı (58 kq), Əbülfəz Abuzərli (58 kq), Bahar Şıxəliyeva (49 kq) gümüş medalla kifayətlənmişlər.
Komandanın digər üzvləri Emin Nüsrətdinov (58 kq), Aleksandr Poluşuk (80 kq), Rövşən Rzayev (80 kq), Vüqar Adışirinov (80 kq-dan yuxarı) isə bürünc medalla yarışı başa vurmuşlar.
Millimiz komanda hesabında 2 qızıl, 6 gümüş və 4 bürünc medalla Rusiya milli komandasından sonra ikinci yerdə qərarlaşmışdır. Türkiyə, İran və İspaniya komandaları müvafiq olaraq növbəti yerləri bölüşmüşlər.